İsrail ordusunun tankları sentyabrın 30-da axşam saatlarında Livana daxil olub.
Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” və “Əl-Hədat” telekanalları anonim mənbələrə istinadən məlumat yayıb.
Tanklar ölkənin cənubunda yerləşən Rmeiş kəndinə daxil olub. Telekanal İsrail ordusunun hərəkətlərini Livanın cənubunda quru əməliyyatının başlanğıcı adlandırır.
***
22:30
İsrail ordusu Livanda məhdud quru əməliyyatına hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, İsrail hakimiyyəti ABŞ-a tezliklə Livana məhdud qurudan hücuma başlaya biləcəkləri barədə xəbərdarlıq edib. Əməliyyatın bazar ertəsi başlayacağı qeyd olunur.
Bazar ertəsi İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Hizbullaha lideri Həsən Nəsrullahın öldürülməsi mühüm addımdır, lakin sonuncu deyil. "Şimal sakinlərimizi təhlükəsiz şəkildə öz evlərinə qaytarmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik”, - nazir qeyd edib.
O əlavə edib ki, Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq.
İsrail ordusu Livanla sərhədə yaxın Metula, Misgav Am və Kfar Giladi icmaları ətrafındakı əraziləri qapalı hərbi zona elan edib və ərazilərə girişin qadağan edildiyini bildirib.
Yerli sakinlər və mənbələr "Reuters" agentliyinə bildirib ki, Livan ordusunun İsraillə cənub sərhəddində bir neçə mövqedən geri çəkildiyi görülüb.
Ekspertlər deyir ki, İsrailin Livandakı quru əməliyyatının məqsədi Hizbullahın ölkənin şimal ərazilərini atəşə tutmasının qarşısını almağa kömək edəcək bufer zona yaratmaq ola bilər.