ABŞ yaxın günlərdə Yaxın Şərqdə yerləşdirdiyi hərbi təyyarələrin sayını artıracaq.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.
Sənəddə qeyd olunub ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin regionda Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan “Abraham Linkoln”, “USS Wasp” amfibiya hücum gəmisi, eləcə də F-22 təyyarələrinin sayının artırılmasına dair göstəriş verib.
“Müdafiə naziri müxtəlif fövqəladə vəziyyətlərə cavab vermək üçün əlavə qüvvələr yerləşdirməyə hazırlığın artırılmasını tapşırıb”, - deyə qeyd edilib.
Bundan əvvəl NBC telekanalı Amerika rəsmilərinə istinadla xəbər vermişdi ki, İsrail “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahı məhv etdikdən sonra Birləşmiş Ştatlar Yaxın Şərq regionunda öz hərbi kontingentinin sayını artırmağı düşünür. Yaxın Şərqdəki Amerika qoşunlarının sayı təxminən 40 min nəfərdir.