Hizbullah Livanın paytaxtı Beyruta endirilən zərbə nəticəsində daha iki komandirinin öldüyünü təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə təşkilatın ofisi məlumat yayıb.
Açıqlamada qrupun cənub cəbhəsinin komandiri Əli Karakinin və partiyanın mərkəzi şurasının üzvü Nabil Kaukun öldüyü bildirilib.
İsrail ordusu daha əvvəl Nabil Kaukun öldürüldüyünü açıqlayıb. Məlumata görə, o, Hizbullahın ideoloji rəhbərliyinə və qruplaşmanın hərbi əməliyyatlarına cavabdeh olub, həmçinin qabaqlayıcı təhlükəsizlik bölməsinə komandirlik edib.
Əli Karaki hərəkatın baş katibi Həsən Nəsrullahla birlikdə hava hücumu nəticəsində ölüb. 1982-ci ildən cəbhə komandiri vəzifəsində çalışıb. Hizbullah açıqlamasında onun 2000 və 2006-cı illərdə İsraillə toqquşmalarda iştirak etdiyini bildirib. Son illərdə o, Fələstin-İsrail münaqişəsi kontekstində Qəzza zolağına dəstək üçün cənub cəbhəsinə rəhbərlik edib.
Karaki təşkilatın hərbi strukturunda “iki nömrə” adlandırılır.