Bu günlərdə şair-publisist Mikayıl Bədəlovun 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Qələbə nidası” poeması kitab halında nəşr edilib.
Metbuat.az xəbər verir ki, poema tarixi qələbəmizə, xalq - ordu birliyinə, əsgərlərimizin misilsiz qəhrəmanlıqlarına və şəhidlərimizin uca məqamına həsr edilib.
“Qələbə nidası” poemasında müharibənin ilk günündən sonunadək ardıcıllığın bədii epitetlərlə təsviri, əsgər qəhrəmanlıqlarının mübaliğəsiz, lakin poetik çalarlarla işıqlandırılması şübhəsiz ki, müəllifin geniş erudisiyaya sahib, istedadlı qələm əhli olmasından irəli gəlir:
Var ol, əbədi var ol,
doğma yurd, gözəl vətən.
Hər şeydən sən əzizsən,
hər şeydən əzəl vətən.
Haqq tutur öz yerini
ədalət zəfər çalır.
İgid, ərən, əsgərim,
düşməndən qisas alır.
Bəli, xalq-ordu birliyi, Vətənə sevgi, Ali Baş Komandanın qətiyyətli mövqeyi, tam qələbəyədək dönməzliyi, əsgərlərimizin qəhrəmanlıqları sayəsində haqq öz yerini tutdu, Vətənimizin ərazi bütövlüyü təmin edildi.
İnanırıq ki, şərəfli tariximizə poetik güzgü tutan "Qələbə nidası" poeması poeziyasevərlərin, oxucuların marağına səbəb olacaqdır. Qeyd edək ki, nəfis şəkildə çap edilən kitabın redaktoru filoloq Elmira Cəzair qızı, "ön söz"müəllifi isə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Abbas Abbasovdur. Bu, müəllifin nəşr edilən sayca üçüncü kitabıdır.