Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruz oğlu Vəliyev (Rövşən Norvruzoğlu) barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Modern.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar açıqlanıb. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, R.Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il dekabrın 19-da qəbul etdiyi hökmə əsasən, 6 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.
Bakı Apellyasiya Məhkəməsi Rövşən Vəliyevin şikayətini təmin etməyib.
O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
İttihama görə, Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.
Rövşən Vəliyev bundan əvvəl 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunub.