İlk əvvəl, ali təhsil üçün Lənkəran Dövlət Universitetini seçən gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edir, bizi seçdiklərinə, etimad etdiklərinə görə bütün LDU kollektivi adından təşəkkürümü bildirirəm. Ölkənin ali təhsil müəssisələri içərisində son illərdə qazandığı uğurlarla seçilən Lənkəran Dövlət Universiteti(LDU) yeni-2024/2025-ci tədris ilinə ürəkaçan yeniliklərlə qədəm qoyur. LDU-nun müasir tələblərə cavab verən, zərüri avadanlıq və laboratoriyalarla təchiz olunmuş 3 tədris binası, inzibati bina, Elmi kitabxana kompleksi, oğlan və qız tələbələr üçün hər cür şəraiti olan modern yataqxana binaları, tədris-təcrübə bazaları, professor-müəllim heyəti üçün xidməti mənzillər və s. yeni tədris ili üçün cari təmir edilərək tələbə və müəllimlərin istifadəsinə verilib. Ümummilli lider Heydər Əliyevin “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir” dediyi universitetimizdə hazırda 6 fakültə, 14 kafedra fəaliyyət göstərir. Yeni tədris ilinin əsas yeniliklərindən biri də budur ki, bu il LDU-da magistratura səviyyəsi üzrə müsiqi fənninin tədrisi metodikası və metodologiyası, təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası, pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşmaları üzrə ilk dəfə kadr hazırlığı aparılacaq. Tələbə qəbulu tam yekunlaşmasa da ilkin nəticələr onu göstərir ki, ali təhsil üçün LDU seçənlərin sayında artım müşahidə olunur. LDU-ya qəbulun bu il 91,7% təşkil etməsi bunun bariz sübutudur. LDU tarixində ilk dəfədir ki, 600-dən yuxarı bal toplayan 7 tələbə ali təhsil almaq üçün məhz pedaqoji ixtisasları seçib. Ümumiyyətlə, bu ilki qəbulun nəticələrinə görə 500-600 arası bal toplayan tələbələr ümumi qəbul olunanlar arasında böyük faiz təşkil edir ki, bu da LDU-nun reytinqinin ildən-ilə artmasının məntiqi nəticəsidir. Ümumilikdə, son illərdə LDU-ya qəbul olunan tələbələrin sayında 4 dəfəyə yaxın artımın olması göstərir ki, Lənkəran Dövlət Universiteti yüksəliş yolundadır və seçdiyimiz istiqamət düzdür. Universitetdə kadr hazırlığının keyfiyyətini yüksəltmək, müəllim hazırlığının səviyyəsini artırmaq məqsədilə tədris bazamızı müntəzəm yeniləyirik. Müasir tələblərə cavab verən yeni fənn kabinetləri və laboratoriyalar tələbələrin istifadəsindədir. Bölgədə heyvandarlığın inkişafını dəstəkləmək, bu sahədə ixtisaslı kadrlara olan tələbatı ödəmək məqsədilə ötən ilin ikinci yarısında yaratdığımız Baytarlıq fakültəsinə bu il qəbul keçirilib. Yeni fakültənin yaradılması tədris-təcrübə bazası kimi baytarlıq cərrahi klinikasının təşkilini də zəruri edir. Xatırladım ki, yeni klinikanın tikintisi üçün layihə smeta sənədləri hazırdır və qısa zamanda baytarlıq klinikasının inşasına başlanılacaq. Həmçinin 3 saylı tədris korpusunun ərazisində bu binada təhsil alan tələbələr üçün yeni laboratoriya binasının inşası üçün də layihə smeta sənədləri hazırlanıb və yaxın günlərdə tikintiyə start veriləcək. Qeyd edək ki, Universitetin 2 saylı tədris binasının həyətində 5 mərtəbəli yeni tədris binası 2 ildir ki, tələbələrin ixtiyarındadır. Ötən il bu korpusun ərazisindəki 250 yerlik yataqxana binası oğlan tələbələrin istifadəsinə verilib. Qeyd edək ki, yeni tikilən və əsaslı təmir olunan bütün binalar zərüri avadanlıq, mebel və internetlə təmin olunub. Lənkəran Dövlət Universitetində həm qızlar, həm oğlanlar üçün tələbə yataqxanalarının olması LDU-nu maddi imkanları zəif olan tələbələr üçün də əlçatan edir. Bu yataqxanaların hər ikisi son illərdə inşa olunub və burada tələbələrin rahat yaşamı üçün hər cür şərait yaradılıb. 2-3 nəfərlik otaqların hər birində ayrıca sanitar qovşaqları var, fasiləsiz elektrik enerjisi, isti və soyuq su, internet, qaz sobası, soyuducu, televizoz-bir sözlə, bütün kommunal xidmətlər təşkil edilib.
Elmi-tədqiqat fəaliyyəti üzrə də universitet son illərdə ürəkaçan nailiyyətlər əldə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq yenidən tərtib edilmiş “Humanitar elmlər” (2021) və “Riyaziyyat və təbiət elmləri” (2022) seriyaları РИНЦ bazasına, “Humanitar elmlər” seriyası eyni zamanda İndexCopernicus bazasına daxil edilmişdir. Lənkəran DövlətUniversitetinin təsis etdiyi Technical and Agrarian Sciences (Texnika və Aqrarelmləri) Beynəlxalq Elmi-Praktiki jurnalı BMT-nin Beynəlxalq Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) AGRIS beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil edilmiş və ona AGRIS – AZ7 identifikasiya kodu verilmişdir.
2024-cü il 19 avqust tarixində Lənkəran Dövlət Universitetinin THE World University Rankings, THE Subject Rankings və THE Impact Rankings reytinq cədvəllərində təmsil olunması üçün LDU haqqında məlumatlar sistemə əlavə edilib və LDU-ya THE məlumatlari portala yerləşdirməsi üçün giriş imkanı verilib. QS reytinq sistemində təmsil olunuruq və bu əməkdaşlığın inkişafı üçün işlər davam etdirilir.
Lənkəran Dövlət Universiteti Beynəlxalq əməkdaşlığın qurulması sahəsində son illər bir sıra uğurlara imza atıb. Türkiyə Respublikasının nüfuzlu universitetləri, həmçinin Avropa ölkələrinin, o cümlədən Polşa, Macarıstan, Çexiya, Ukrayna və s. ölkələrin universitetləri ilə qarşılıqlı, həmçinin Mevlana Mübadilə Proqramı, Erasmus+ proqramı çərçivəsində İkili diplom, mübadilə və iki tərəfli əməkdaşlıq müqavilələri imzalanmışdır. LDU ölkə daxilində fəaliyyət göstərən elm və ali təhsil müəssisələri ilə fəal şəkildə əməkdaşlıq edir. Qeyd edək ki, LDU Türkiyə Respublikasının Ankara və Qafqaz Universitetləri ilə ikili diplom layihəsini həyata keçirmək istiqamətində birgə fəaliyyətini uğurla davam etdirir. Lənkəran Dövlət Universiteti Beynəlxalq Əməkdaşlığın qurulması istiqamətində 69 sayda Türkiyə və Avropa Universitetləri ilə Mevlana, Erasmus + və Akademik sahədə İkili Əməkdaşlıq müqaviləsi imzalamışdır. LDU ilə Avropa və Türkiyə universitetləri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Lənkəran Dövlət Universiteti hər il öz komandasını yeni, keyfiyyətli, ixtisaslı, hazırlıqlı, müasir tələblərə cavab verən mütəxəssislər hesabına zənginləşdirir. LDU-da professor-müəllim və işçi heyətinin işə qəbulu şəffaf şəkildə həyata keçirilir.
LDU-nun professor-müəllim, işçi heyətinin 2024/2025-ci tədris ilində əmək haqlarının yenidən artırılması cari tədris ilinin ürəkaçan yeniliklərindən biridir. Cari tədris ilindən başlayaraq professor-müəllim heyətinin əmək haqları diferensial qaydada ödəniləcək. Bu zaman professor-müəllim heyətinin elmi, tədris və özünuinkişaf fəaliyyətləri nəzərə alınacaq. Bildirim ki, universitetimizdə əmək haqları vaxtaşırı olaraq artırılır.
Yeni-2024/2025-ci tədris ilinin başlanması münasibətilə Lənkəran Dövlət Universitetinin bütün tələbə-professor-müəllim-işçi heyətini ürəkdən təbrik edir, yeni uğurlar arzu edirəm. Yeni dərs iliniz mübarək!
Natiq İbrahimov, Lənkəran Dövlət Universitetinin rektoru, professor