Azərbaycanda ali və orta təhsil müəssisələrinin önündə avromobil park edənlər cərimələnəcək. Bildirilib ki, məktəblərin və universitetlərin ərtafında dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər.
Tədris ilində məktəb və universitetlərin qarşısında yaranan nəqliyyat xaosu hər zaman müzakirə mövzusu olub. Bəzi valideynlər sözügedən cərimələrdən narahatlıq ifadə edib.
Mövzu ilə bağlı Modern.az-a danışan texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, bu məsələ aktuallığını hər zaman saxlayıb:
“Nəqliyyat vasitələri məktəblərin, universitetlərin qabağından, yaxınından keçəndə tıxac yaranır. Ona görə də bu məsələ ilə bağlı əvvəldən də təkliflər var. Təkliflərdən biri də odur ki, hər bir universitet və məktəb özünəməxsus dayanacaq təyin etsin. Amma Bakı şəhərində belə yerlər demək olar ki, yoxdur. Müəssisə tikiləndə parklanması da nəzərə alınmalıdır. Bakı şəhərindəki məktəblər isə elə yerlərdə tikilib ki, çıxışları yaınızca magistral yollaradır. Ona görə də bu məsələ çox çətin başa gələn məsələdir. Həmin parklanma yerlərinin düzəldilməsi böyük problemdir”.
Onun sözlərinə görə, həmin qərarla bu məsələ ilə bağlı addım atılmağa cəhd edilib:
“Hər bir məsələnin bir neçə həll üsulu var. Həmin üsullardan biri qeyd etdiyim şəraitin yaradılmasıdır. Hər bir valideyn istəyir ki, övladı məktəbə təhlükəsiz şəkildə getsin. Həm nəqliyyat vasitələrində baş verən müəyyən hadisələr həm də valideynlərin övladlarını mühafizə etmək istəməsi səbəbindən bu şəraitin yaradılmasını istəyirlər. Dövlət və yol hərəkətinin təşkilinə nəzarət edən müəssisələr tərəfindən də bu birmənalı qarşılanmır. Həm insanlar öz tələbatlarını ödəməli, həm də müvafiq qurumlar qayda-qanun yaratmalıdır”.
F.Eyyubov qeyd edib ki, burada məhdudlaşdırıcı üsullardan da istifadə edilə bilər:
“Qarşıdan Formula-1 yarışları, COP-29 tədbiri gəlir. Bu tədbirlərlə bağlı məhdudlaşdırıcı üsullardan istifadə olunur. Bir sıra yollar bağlanıb, digərlərində də hərəkət məhdudiyyəti qoyulub. Bu addımlar gələcəkdə də davam edəcək. İnsanların tələbatları ödəmək, müəyyən təkliflər irəli sürmək lazımdır. Bu zaman valideynlər də müəyyən qədər rahat olar, övladlarını məktəbə daha rahat apara bilərlər.
Müsahibimiz sonda qeyd edib ki, bakının tıxacı hər zaman problemdir, ona görə də məhdudlaşdırıcı üsullardan istifadə edirlər:
“Məsələn bu gün gündüz saatlarda yük avtomobilləri mərkəzi küçələrə buraxılmır. Gələcəkdə də ola bilsin müəyyən nəqliyyat vasitələri ilə bağlı da eyni addım atılsın. Bu vasitələrlə tıxacların qarşısının alınması hədəflənir. Amma tələbat ödənilməsə bu çox çətin olacaq. Çünki elə tələbatlar var ki, cəzası olsa da insan həmin işi görməyə məcburdur. Hər bir işin təşkilindən sonra müavafiq nöqsanlar araşdırılır, ciddi olanlar daha diqqət mərkəzində olur. Bu metodlardan istifadə etməklə tıxacın qarşısını almağa çalışırlar. Amma bu çox çətin olacaq. Həmin valideynlərin uşaqlarını məktəbə təhlükəsiz çatdırmasını təmin etmədən bu üsul özünü doğrultmayacaq”.