Ermənistan Avropa Şurasının (AŞ) Rusiya prezidenti Vladimir Putinin “həbs edilməsi” ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarını dəstəkləyən bəyannaməsinə imza atmayıb. Modern.az xəbər verir ki, bunu Avropa Şurasının saytında dərc edilmiş sənədin yekun variantının məlumatları sübut edir. Qeyd edək ki, bəyannamə Litvada Avropa Şurasının ədliyyə nazirlərinin iştirakı ilə keçirlən “Ukraynada törədilən beynəlxalq cinayətlərə görə məsuliyyətə doğru” qeyri-rəsmi konfransında qəbul edilib.
Bu bəyannaməni imzalayan ölkələrin siyahısı da dərc olunub: Albaniya, Andorra, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya, ABŞ. Ermənistan siyahıda yer almayıb. Bəyannamə ilə nazirlər Ukraynanın Beynəlxalq Cinayət Məhkəməsinin “Roma statutu”nun ratifikasiyası prosesini beynəlxalq hüquq və beynəlxalq ədalət baxımından irəliyə doğru atılan mühüm addım kimi alqışlayıblar.
“Biz Beynəlxalq Cinayət Məhkəməsinin Ukrayna ərazisində öz yurisdiksiyası daxilində beynəlxalq cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə yönəlmiş təhqiqatını qətiyyətlə dəstəkləyirik. Biz bütün dövlətləri məhkəmənin araşdırmaları ilə əməkdaşlığa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, - bəyannamədə deyilir.
Bəyannamənin başqa bir bəndində nazirlər “Ukraynaya qarşı təcavüz cinayəti üçün ən böyük məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməklə ədaləti həyata keçirməyə qadir olan effektiv Xüsusi Tribunalın yaradılmasının zəruriliyini” təsdiqləyiblər.
Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan İrəvanın sənədə qoşulmadığını təsdiqləyib. A.Qorxmaz