Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Rusiya rezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Kreml və Özbəkistan PA məlumat yayıb.
Tərəflər Putinin bu il mayın 26-28-də Özbəkistana dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların icrasını müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı Özbəkistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Dövlət başçıları, həmçinin Özbəkistan Prezidentinin rəsmi saytında qeyd olunduğu kimi, Özbəkistan-Rusiya çoxşaxəli əməkdaşlığının daha da genişləndirilməsi, hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi məsələlərini qaldırıblar.
Ticarət dövriyyəsinin artırılması üçün əlaqələndirilmiş tədbirlərin görülməsi, iki ölkənin aparıcı müəssisələri və regionları arasında kooperasiya əlaqələrinin inkişafı, birgə investisiya layihələrinin və humanitar proqramların həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Söhbət zamanı qarşıdan gələn ikitərəfli və çoxtərəfli tədbirlərin qrafiki müzakirə edilib.