Bakı.Trend:
Bazar ertəsi Hörmüz boğazında 3 gəmi hücuma məruz qalıb.
“Al Jazeera”nin məlumatına görə, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti məlumat yayıb.
Bildirilib ki, sözügedən üç gəmi Hörmüz boğazının şərqi ilə üzən zaman “naməlum sursatdan” atəşə tutulub
Gəmilərin hansı bayraqda üzdüyü, daşıdığı yük açıqlanmasa da, hər üçünün kursuna davam etdiyi və bütün heyət üzvlərinin salamat olduğu bildirilib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.