"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlayacağı haqqında açıqlamadan sonra artımın nə qədər olacağı ən çox verilən suallardandır. Sosial şəbəkə paylaşımlarında da bu mövzu, xüsusən də minimum əmək haqqının nə qədər artacağı ilə bağlı xeyili şərhlər və qeydlər var".
"Rəsmi açıqlamadan da göründüyü kimi, indi müzakirələr mərhələsidir və bu baxımdan da konkret artım faizi hələlik elan edilməyib. Bununla belə, minimum əmək haqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübənin nəzərə alıncağı istisna deyil. Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. Bu baxımdan, minimum əmək haqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər: ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əmək haqqındakı artım faizi".
"2023-cü ildə inflyasiya səviyyəsi 8.8, orta aylıq əmək haqqındakı artım faizi 11.3 faiz olub. Bu ilki nəticələr 2024-cü ilin sonuna doğru dəqiqləşəcək. Eyni zamanda, 2024-cü ildə də həm qiymət artımları, həm də nominal orta aylıq əmək haqqının dəyişməsi qeydə alınıb. Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əmək haqqında daha yüksək artım reallaşa bilər. Yəni, bu halda söhbət iki rəqəmli artımdan gedir. İki rəqəmlinin konkret hansı faizlə ifadə olunacağını isə payız aylarında söyləmək mümkün olacaq.
Təbii ki, daha dəqiq rəqəm rəsmi təkliflər təqdim olunduqdan sonra bəlli olacaq. Bununla belə, minimum əmək haqqındakı artımın 700 mindən çox vətəndaşımızı əhatə edəcəyini nəzərə alsaq artım faizinin əhəmiyyətini təsəvvür etmək çətin olmaz".