Bakı. Trend:
Azərbaycan xalqı işğal dövründə heç vaxt torpaqların işğalı ilə barışmaq niyyətində olmayıb.
Bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciətində deyib.
Dövlət başçısı bildirib ki, işğal dövründə müxtəlif tədbirlərdə Azərbaycanın bu vəziyyətlə barışmayacağını dəfələrlə açıq şəkildə bəyan edib.
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Və işğal dövründə dəfələrlə mən müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq”, - Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın arxasında dayanan ölkələr Azərbaycanı işğalla barışdırmağa çalışır, münaqişənin hərbi həllinin olmadığını bildirirdilər.
“Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələrdən çıxırdılar. Azərbaycana qarşı aparılan genişmiqyaslı qarayaxma, şər-böhtan kampaniyası, Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün qurulan bütün təxribatlar heç bir nəticə vermədi”, – dövlət başçısı vurğulayıb.