Bakı.Trend:
Ermənistan hökuməti Avropa İttifaqının "Customs" və "Fiscalis" proqramlarında iştirakla bağlı sazişlər imzalanması üzrə təklifləri təsdiqləyib
Bu barədə "Armenpress" məlumat yayıb.
Sənədlərə əsasən, Ermənistanın proqramlarda iştirakı 2027-ci il üçün nəzərdə tutulub və bir il davam edəcək.
"Customs" proqramı gömrük inzibatçılığının təkmilləşdirilməsinə, qanuni ticarətin təşviqinə və qeyri-qanuni kommersiya fəaliyyətinə qarşı mübarizəyə yönəlib. Həmçinin gömrük prosedurlarında şəffaflığın və proqnozlaşdırıla bilmənin artırılması, eləcə də Avropa tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
"Fiscalis" isə vergi sahəsində əməkdaşlıq proqramıdır. Proqram vergi inzibatçılığının inkişafı, təcrübə və məlumat mübadiləsi, habelə vergi fırıldaqçılığına və vergidən yayınmaya qarşı mübarizənin gücləndirilməsi imkanlarını yaradır.
Əsaslandırıcı sənədlərə əsasən, Ermənistanın "Customs "proqramı üzrə illik üzvlük haqqı 39 991 avro, Fiscalis proqramı üzrə isə 36 528 avro təşkil edir.
Ermənistan Dövlət Gəlirləri Komitəsinin qiymətləndirməsinə görə, bu əməkdaşlıq vergi və gömrük sistemlərinin modernləşdirilməsinə, eləcə də Ermənistanla Aİ arasında iqtisadi əlaqələrin dərinləşməsinə töhfə verəcək.