Bakı.Trend:
İri daşınmaz əmlak layihələrinin həyata keçirilməsi mərhələləri müəyyən edilərkən tikinti şirkətləri bazarın tutumunu, potensial tələbatı, maliyyə imkanlarını və bazarın təklif olunan daşınmaz əmlak həcmini mənimsəmək qabiliyyətini nəzərə almalıdırlar.
Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə cümə axşamı Bakıda keçirilən AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində "PASHA Real Estate Group" şirkətinin investisiyalar üzrə direktoru Levent Kırazoğlu bildirib.
Onun sözlərinə görə, əsas amillərdən biri bazarın həcmi və tikinti şirkətinin bazara çıxarmağı planlaşdırdığı daşınmaz əmlak həcmini mənimsəmək qabiliyyətidir.
“İkinci mühüm amil şirkətin maliyyə imkanları və maliyyələşmə əlçatanlığıdır.
Tikinti şirkətinin bütün layihənin tikintisinə bir mərhələdə başlamaq üçün kifayət qədər maliyyə resursları ola bilər. Digər hallarda isə layihəni öz maliyyə imkanlarına uyğun olaraq bir neçə mərhələyə bölmək zərurəti yarana bilər.
Seçilən modeldən asılı olmayaraq, hər bir mərhələ müstəqil olmalı və ayrıca layihə kimi fəaliyyət göstərməlidir. Xüsusilə, müvafiq mərhələdə nəzərdə tutulan obyektlərdə yaşayış və ya istifadə üçün bütün zəruri infrastruktur və şərait təmin edilməlidir”, - deyə L. Kırazoğlu bildirib.
Layihələrin mərhələlərlə həyata keçirilməsinin üstünlüklərindən danışan o qeyd edib ki, bu yanaşma, o cümlədən əvvəlki mərhələlərdəki obyektlərin satışından əldə olunan gəlirlər hesabına maliyyələşdirmə ehtiyacını tədricən azaltmağa imkan verir.
Bundan əlavə, onun sözlərinə görə, iri layihələrin mərhələli şəkildə həyata keçirilməsi tikinti şirkətlərinə əvvəlki mərhələlərin nəticələrini nəzərə almaq və növbəti mərhələlərdə müvafiq dəyişikliklər etmək imkanı yaradır.
“Belə iri layihələrə xəstəxanaları, ticarət mərkəzlərini və hotelləri misal göstərmək olar”, - deyə o qeyd edib.
L. Kırazoğlunun sözlərinə görə, layihənin yaşayış hissəsinin mərhələlərlə həyata keçirilməsi tikinti şirkətinə tələbatı qiymətləndirməyə və konkret bazarın xüsusiyyətlərini nəzərə almağa imkan verir.
“Xüsusilə, müxtəlif mənzil planlaşdırma həllərinə, tavan hündürlüyünə və daşınmaz əmlakın digər xüsusiyyətlərinə tələbatı yoxlamaq mümkündür”, - deyə o əlavə edib.