Bakı.Trend:
ABŞ-də mərkəzləşmiş "Walt Disney" transmilli media korporasiyası illik xərclərinin 20 faizinə qənaət etmək məqsədilə kütləvi ixtisarlar həyata keçirməyi nəzərdən keçirir.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Əyləncə sənayesinin nəhəngi əsasən tematik parklarda, televiziya kanallarında və kinostudiyada minlərlə iş yerini ixtisar etməyə hazırlaşır. Şirkətin baş icraçı direktoru Coş D’Amaro qənaət edilən vəsaitin bir hissəsini kino və televiziya istehsalına, texnologiyalara, eləcə də tematik parklara və kruiz şirkətlərinə yenidən investisiya etməyi planlaşdırır.
Son illərdə “Disney” xərclərini milyardlarla dollar azaldıb və minlərlə əməkdaşını işdən çıxarıb. İxtisarlar ABC, Pixar, ESPN, kinostudiya və əyləncə bölməsi də daxil olmaqla, şirkətin bütün struktur bölmələrini əhatə edib. Ötən maliyyə ilinin sonuna şirkətin dünya üzrə əməkdaşlarının sayı 231 min nəfər olub.
Oktyabrın əvvəlində "The Wall Street Journal" qəzeti “Disney”in televiziya bölməsində yenidənqurma aparmağı, həmçinin hüquq və ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşlarının sayını azaltmağı planlaşdırdığını yazıb.