Bakı.Trend:
Avropa İttifaqı 2026-cı il noyabrın 17-də Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması ilə bağlı dialoq keçirəcək.
Avropa Komissiyasının saytında dərc olunan məlumata görə, tədbir Avropa komissarları Marta Kos və Yozef Sikelanın sədrliyi ilə keçiriləcək. Bildirilir ki, tədbirdə özəl sektorun, beynəlxalq maliyyə institutlarının və Avropa Komissiyasının nümayəndələri iştirak edəcəklər.
“Dialoqun əsas məqsədi Orta Dəhlizin inkişafına yönəlmiş strateji investisiyalara dəstəyin genişləndirilməsi mexanizmlərini müzakirə etmək olacaq.
Aİ-nin regionlararası bağlantılar üzrə Gündəliyi Avropa İttifaqına üzv dövlətlər, “Şərq Tərəfdaşlığı” ölkələri, eləcə də Qara dəniz regionu və Mərkəzi Asiyadakı tərəfdaşlar arasında ticarət, nəqliyyat, energetika və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün strateji istiqamətləri müəyyən edir.
Bununla yanaşı, belə əməkdaşlığın inkişafında özəl sektora xüsusi rol ayrılır. Dövlət investisiyaları dəhlizin infrastruktur imkanlarının genişləndirilməsinə töhfə verə bilər. Lakin marşrutun etibarlı və kommersiya baxımından cəlbedici nəqliyyat yoluna çevrilməsi üçün özəl şirkətlərin uzunmüddətli iştirakı və investisiyaları həlledici əhəmiyyət daşıyır”, - deyə Avropa Komissiyasının məlumatında qeyd olunur.
Vurğulanır ki, tədbir çərçivəsində Bağlantılar Gündəliyi Platforması (Connectivity Agenda Platform) çərçivəsində özəl sektor nümayəndələri ilə müntəzəm məsləhətləşmələrin aparılması üçün praktiki mexanizmlərin nəzərdən keçirilməsi planlaşdırılır.
“Bundan əlavə, iştirakçılar Aİ və beynəlxalq maliyyə institutlarının biznesə yalnız maliyyələşdirmə yolu ilə deyil, həm də tənzimləyici tədbirlər, əlaqələndirmə, texniki yardım və investisiya risklərinin azaldılması alətləri vasitəsilə dəstək imkanlarını müzakirə edəcəklər.
Dialoqun digər vəzifəsi Orta Dəhlizlə bağlı layihələrin planlaşdırılmasının, prioritetlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təkmilləşdirilməsi üçün özəl sektor nümayəndələrindən konkret tövsiyələrin toplanması olacaq. Müzakirələr fiziki infrastrukturu, eləcə də daşımaların təşkilati və normativ şərtlərini, həmçinin marşrutun inkişafına mane olan mövcud amilləri əhatə edəcək”, - deyə Avropa Komissiyası bildirir.