Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) Tbilisi Maliyyə Sammiti 2026 çərçivəsində keçirilən “Sərhədlərarası maliyyə innovasiyası: regionun birgə sınaqdan keçirə biləcəyi imkanların müəyyənləşdirilməsi” adlı dəyirmi masada sərhədlərarası ödəniş inteqrasiyası üzrə layihələrini təqdim edib.
Bu barədə AMB məlumat yayıb.
Məlumata əsasən, Mərkəzi Bankın baş direktoru Sadiq Axundov sözügedən dəyirmi masada iştirak edib.
Sadiq Axundov Mərkəzi Bank tərəfindən ani ödəniş sistemlərinin sərhədlərarası inteqrasiyası, ödəniş infrastrukturunun təkmilləşdirilməsi və maliyyə innovasiyalarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi imkanları barədə iştirakçılara ətraflı məlumat təqdim edib, digər spikerlərlə mövcud yanaşmalar ətrafında fikir mübadiləsi aparıb.
O, həmçinin regional əməkdaşlığın əhəmiyyətindən danışarkən maliyyə innovasiyalarının inkişafı, ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyası və yeni texnoloji həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsinin və birgə təşəbbüslərin genişləndirilməsinin regionda daha çevik, əlçatan maliyyə ekosisteminin formalaşmasına töhfə verəcəyini bildirib.
AMB sədri Taleh Kazımov da oktyabrın 29-dsa keçirilən mətbuat konfransında mərkəzi banklar arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin ödəniş sistemlərinin inteqrasiyası olduğunu bildirib. Onun sözlərinə görə, məqsəd ölkələr arasında hesablaşmaların daha sürətli və ucuz həyata keçirilməsini təmin etməkdir.
“Əsas gözləntimiz odur ki, qısa bir zamanda ödəniş sistemlərimizi inteqrasiya edək və artıq həmin dövlətlər arasında ödənişlərin daha da ucuz həyata keçirilməsini təşviq edək”, – deyə T.Kazımov qeyd edib.
AMB sədri əməkdaşlığın ani ödəniş infrastrukturlarının inkişafı və QR standartlarının qarşılıqlı tanınmasını da əhatə etdiyini vurğulayıb.
