Bakı.Trend:
Avropa İttifaqı Azərbaycanda şirkətlərin yeni bazarlara çıxışına kömək edəcək “İxracatçılar üçün mentorlar şəbəkəsi”nin (Export Mentorship Network) yaradılmasını təklif edir.
Bu barədə Avropa İttifaqının dəstəyi ilə hazırlanmış “Ticarət sektorunun araşdırılması – Azərbaycanın ticarət sektorunun inkişafı: siyasət, məhdudiyyətlər və imkanlar” adlı hesabatda qeyd olunub.
Hesabata əsasən, son illərdə Azərbaycanın qeyri-neft ixracı artıb.
“Lakin qeyri-neft ixracı hələ də məhdud sayda məhsul qrupları və bazarlar üzrə cəmləşib. Buna görə də təkcə ixrac həcminin artırılmasına deyil, həm də məhsul çeşidinin şaxələndirilməsinə, yüksək əlavə dəyərli məhsulların payının artırılmasına və yeni bazarlara çıxışa yönəlmiş tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.
İxracatçılar xarici bazarlara çıxış, bazar məlumatlarının əldə edilməsi və işgüzar əlaqələrin qurulması zamanı müxtəlif çətinliklərlə üzləşirlər. Bununla yanaşı, 2023-cü ildə Azərbaycan 121 ölkəyə məhsul ixrac edib ki, bu da dünya ölkələrinin təxminən 60 faizini təşkil edir.
Bu baxımdan, Cənub-Şərqi Asiya, Fars körfəzi ölkələri, Afrika və Latın Amerikası kimi ənənəvi olmayan bazarlarda uğurlu təcrübəyə malik şirkət və sahibkarları birləşdirən “İxracatçılar üçün mentorlar şəbəkəsi”nin yaradılması məqsədəuyğundur”, – hesabatda bildirilib.
Bundan əlavə, sənəd müəllifləri yeni bazarlara çıxan və ya beynəlxalq bazarlara yeni məhsul növləri tədarük etməyə başlayan şirkətlər üçün məqsədyönlü vergi güzəştlərinin və digər dəstək tədbirlərinin tətbiqi imkanlarının nəzərdən keçirilməsini məqsədəuyğun hesab edirlər.
Hesabatda, həmçinin ixracatçıların sertifikatlaşdırma tələbləri və uyğunluğun təsdiqi prosedurları barədə məlumatlılığının artırılmasının, eləcə də praktiki təlimlərin və informasiya resurslarına çıxış imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Sənəd müəlliflərinin fikrincə, bu sahədə praktiki təlimlərin, məsləhət xidmətlərinin və informasiya mexanizmlərinin inkişafı şirkətlərin inkişaf etmiş bazarların, o cümlədən Avropa İttifaqı ölkələrinin tələblərinə uyğunlaşmasına kömək edəcək.