Bakı. Trend:
Süni intellekt və data analitikası vergi nəzarətinin təkmilləşdirilməsi, risklərin vaxtında müəyyən edilməsi və vergi yoxlamalarının səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva bu gün Bakıda keçirilən Dayanıqlı Biznes, Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) Konfransında deyib.
O bildirib ki, dövlət orqanlarında qərarların qəbul edilməsi və zəruri maliyyələşmənin təmin olunması bizneslə müqayisədə müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən rəqəmsallaşma, elektron xidmətlərin tətbiqi və müvafiq infrastrukturun inkişafı vergi orqanlarının əsas prioritetləri sırasındadır.
S.Musayevanın sözlərinə görə, rəqəmsal transformasiyanın uğurlu həyata keçirilməsi üçün yalnız texnologiyaların tətbiqi kifayət etmir. Bu prosesdə infrastrukturun tamlığı, kadrların hazırlıq səviyyəsi, qeyri-maddi aktivlərin mövcudluğu və onların mütəmadi yenilənməsi də mühüm rol oynayır.
“Vergi orqanları üçün rəqəmsallaşma və elektron xidmətlərin inkişafı daim prioritetdir. Burada əsas məsələ müasir texnologiyaların tətbiqi ilə yanaşı, bu sistemlərin işləməsi üçün zəruri infrastrukturun və insan resurslarının təmin edilməsidir”, - deyə o qeyd edib.
Rəis müavini bildirib ki, vergi inzibatçılığında rəqəmsal həllərin tətbiqi xərclərin optimallaşdırılmasına da imkan verir. Onun sözlərinə görə, qeyri-neft sektorunda dövlət büdcəsinə 100 manat vergi daxilolmasının təmin edilməsi üçün vergi orqanlarının xərci 1 manat 16 qəpik təşkil edir.
O vurğulayıb ki, süni intellektin tətbiqi zamanı məlumatların təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Xüsusilə məxfi məlumatların qapalı mühitdə emalı üçün yüksək hesablama gücünə malik server avadanlıqlarının mövcudluğu vacibdir.
“Süni intellekt həllərini tətbiq edərkən təhlükəsizlik məsələləri diqqət mərkəzində olmalıdır. Məlumatların qapalı mühitdə emalı üçün müvafiq texniki imkanlar, o cümlədən yüksək güclü server avadanlıqları tələb olunur”, - deyə S.Musayeva bildirib.
O əlavə edib ki, data analitikası vergi yoxlamalarının aparılmasında da praktiki nəticələr verir. Belə ki, yoxlamalar zamanı inventarizasiya nəticələrinin avtomatlaşdırılması hesabına 7-9 həftə vaxt qənaətinə nail olunub.
DVX rəsmisi nəzarət-kassa aparatlarından əldə olunan məlumatların süni intellekt vasitəsilə təhlilinin əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, gün ərzində milyonlarla ƏDV çekində məhsulların adları qeyd olunur və bu məlumatlar vergi nəzarəti üçün geniş analitik imkanlar yaradır.
“Bu məlumatların süni intellekt həlləri vasitəsilə emalı məhsulların aid olduğu sektorlar üzrə təhlilinə, əməliyyatlarda risklərin müəyyən edilməsinə, eləcə də məhsulların üzvi və qeyri-üzvi olması kimi xüsusiyyətlərin qiymətləndirilməsinə imkan verə bilər. Əsas məqsəd mümkün riskləri vaxtında aşkar etmək və bu barədə vergi orqanlarına operativ məlumat təqdim etməkdir”, - deyə o qeyd edib.
S.Musayeva bildirib ki, rəqəmsal alətlər və süni intellekt həlləri vergi orqanlarına böyük həcmdə məlumatları daha sürətli təhlil etmək, riskləri əvvəlcədən müəyyənləşdirmək və nəzarət tədbirlərini daha məqsədyönlü həyata keçirmək imkanı yaradır.