Bakı. Trend:
Oktyabrın 18-dən metronun “Əhmədli” stansiyasından Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin “Quşçuluq” yaşayış massivinə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Marşrut xəttində sıxılmış təbii qaz (CNG) texnologiyası ilə təchiz edilmiş ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri istismar olunacaq.
Avtobuslar saat 06:00-dan 23:00-dək 12-15 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.
Marşrut üzrə gedişhaqqı 0,80 manat müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.