Bakı. Trend:
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunda gündəlik 300 min kubmetr su istehsalı nəzərdə tutulur. Layihənin həyata keçirilməsi istehlakçılar üçün su tariflərinə təsir etməyəcək.
Bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən III Milli Rəqabət Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, zavodun tikintisi ilə bağlı Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumla ötən ilin sentyabrında müqavilə imzalanıb.
Hazırda qalib şirkət beynəlxalq maliyyə institutları və banklarla danışıqlar aparır. Maliyyə danışıqlarının bu ilin sonunda və ya gələn ilin birinci rübündə yekunlaşması planlaşdırılır.
“Bankların tələb etdiyi müəyyən təhlillərin aparılması vaxt tələb edir. Maliyyə danışıqları yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq. Zavodun tikintisinin iki il yarım ərzində başa çatdırılması nəzərdə tutulur. Fəaliyyətə başladıqdan sonra isə ‘ACWA Power’ şirkəti zavodu 25 il ərzində idarə edəcək”, – deyə T.Vüsət qeyd edib.
Sektor müdiri vurğulayıb ki, zavodda istehsal olunan su istehlakçılara mövcud tariflərlə təqdim ediləcək.
“Bu, tariflərə təsir etməyəcək. Bu gün hansı su tariflərini ödəyiriksə, həmin zavodda istehsal olunan su da eyni tariflərlə olacaq. Hər hansı fərq yaranarsa, dövlət tərəfindən qarşılanacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda III Milli Rəqabət Forumu keçirilir.
Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumları, müstəqil ekspertlər və özəl sektorun təmsilçiləri iştirak edirlər.
Ölkədə rəqabət siyasətinin aktual məsələlərinin müzakirəsi məqsədilə keçirilən III Milli Rəqabət Forumu rəqabət mühitinin inkişafına dair prioritet istiqamətlərin müzakirəsi və bu sahədə qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması, Milli Fəaliyyət Planının müəyyən etdiyi strateji hədəflərin təşviqi baxımından mühüm platforma rolunu oynayacaq.
Əlavə edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın prioritet istiqamətlərini rəqabətin inkişafı üzrə tənzimləmə və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi, rəqabət sahəsində elmi-analitik potensialın və rəqabət mədəniyyətinin inkişaf etdirilməsi, habelə əməkdaşlığın və institusional imkanların gücləndirilməsi təşkil edir.