Bakı. Trend:
2026-cı ilin birinci yarısında Azərbaycanda qiymətli kağızlar bazarının ümumi ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz və ya 11,9 milyard manat azalaraq 25 milyard manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabat dövründə dövriyyənin azalmasına əsasən Mərkəzi Bankla aparılan repo və əks-repo əməliyyatlarının həcminin aşağı düşməsi təsir edib. Korporativ qiymətli kağızlar bazarının ticarət dövriyyəsi ötən ilin ilk yarısı ilə müqayisədə 24 faiz və ya 400 milyon manat artıb. Dövlət qiymətli kağızlarının dövriyyəsi isə 62 faiz və ya 2,6 milyard manat azalıb.
Korporativ qiymətli kağızların ilkin bazar dövriyyəsi 65 faiz və ya 600 milyon manat artaraq 1,5 milyard manata çatıb. Bununla yanaşı, həmin qiymətli kağızların təkrar bazar dövriyyəsi 34 faiz və ya 200 milyon manat azalaraq 400 milyon manat təşkil edib.
Dövlət qiymətli kağızları üzrə ilkin bazar dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 faiz və ya 1,2 milyard manat, təkrar bazar dövriyyəsi isə 73 faiz və ya 1,4 milyard manat azalıb. Hesabatda dövlət qiymətli kağızları bazarında dövriyyənin azalması Maliyyə Nazirliyi tərəfindən yeni emissiyaların həcminin aşağı olması ilə əlaqələndirilib.
Repo və əks-repo bazarında da aktivlik zəifləyib. 2026-cı ilin ilk altı ayında bu əməliyyatların ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,9 faiz və ya 9,7 milyard manat azalaraq 21,6 milyard manat təşkil edib. Bununla belə, AMB qeyd edib ki, repo bazarının ümumi aktivliyi qənaətbəxş səviyyədə qalır.
Hesabat dövründə tədavüldə olan dövlət qiymətli kağızlarının həcmi də azalıb. Ötən ilin sonu ilə müqayisədə bu göstərici 20 faiz və ya 1,8 milyard manat azalaraq 7,2 milyard manata düşüb. Azalmanın əsas səbəbi Maliyyə Nazirliyi tərəfindən yeni emissiyaların həcminin aşağı olmasıdır.
Bunun əksinə, Azərbaycan Mərkəzi Bankının notlarının dövriyyədəki həcmi 30 faiz və ya 100 milyon manat artaraq 500 milyon manata çatıb.
2026-cı ilin birinci yarısında investisiya şirkətlərinin balans göstəricilərində də artım qeydə alınıb. Ötən ilin sonu ilə müqayisədə onların aktivləri 2 faiz və ya 2 milyon manat artaraq 123 milyon manata, öhdəlikləri isə 9 faiz və ya 6 milyon manat artaraq 70 milyon manata yüksəlib.