Bakı. Trend:
2026-cı ilin birinci yarısında Azərbaycanda investisiya şirkətlərinin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz artaraq 2,4 milyon manata çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə Sabitliyi Hesabatı”nda bildirilib.
Hesabat dövründə investisiya şirkətlərinin xalis mənfəəti 900 min manat artıb. Mənfəətin yüksəlməsi əsasən müştəri sifarişlərinin və portfel idarəetməsi üzrə gəlirlərin artması ilə əlaqələndirilib. Bununla yanaşı, investisiya şirkətlərinin kapitalın gəlirliliyi göstəricisində də artım müşahidə olunub.
2026-cı ilin ilk yarısında investisiya şirkətlərinin müştəri aktivləri 18 faiz və ya 472 milyon manat azalaraq 2,1 milyard manat təşkil edib. Azalmaya əsas təsir göstərən amil xarici bazarlarda broker xidmətləri üzrə müştəri aktivlərinin aşağı düşməsi olub.
Belə ki, xarici bazarlarda broker xidmətləri üzrə müştəri aktivləri 25 faiz və ya 552 milyon manat azalaraq 1,7 milyard manata enib.
Bununla yanaşı, investisiya şirkətlərinin kapital mövqeyi kifayət qədər yüksək səviyyədə qalıb. 2026-cı ilin birinci yarısının sonuna onların məcmu kapitalı 51,2 milyon manat, tələb olunan kapitalı isə 8,7 milyon manat təşkil edib. Bu göstəricilər investisiya şirkətlərinin kapital tələblərini qarşılamaq üçün kifayət qədər kapital ehtiyatına malik olduğunu göstərir.