Bakı. Trend:
Məktəbli formasına dair tələblər dini etiqad azadlığının məhdudlaşdırılması kimi deyil, dövlət məktəbinin dünyəvi və neytral təhsil məkanı kimi qorunması, şagirdlər arasında bərabərliyin təmin edilməsi baxımından qiymətləndirilməlidir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, məktəbli forması ilə bağlı müzakirələr təkcə şagirdlərin geyimi məsələsini deyil, dövlət məktəbinin mahiyyətini, uşaqların bərabərliyini, onların dünyagörüşünə böyüklərin təsirinin sərhədlərini və təhsil mühitində qorunmalı olan dəyərləri əhatə edir.
Deputat qeyd edib ki, 2026-cı ildə “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərlə milli xarakter və dünyəvilik ümumi təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilib. Bu prinsip milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılmasını və inkişafını nəzərdə tutur. Dövlət ümumi təhsil müəssisələrində həm şagirdlər, həm də müəllimlər müəyyən edilmiş geyim tələblərinə riayət etməlidirlər.
S.Fətəliyeva vurğulayıb ki, dünyəvilik dinin inkarı və ya dindarlara qarşı mübarizə demək deyil. Azərbaycanda İslama, digər ənənəvi dinlərə, dini və mədəni irsə hörmət dövlət siyasətinin tərkib hissəsidir. Məscid və ziyarətgahlar bərpa edilir, dini icmalar dəstəklənir, ilahiyyat təhsili inkişaf etdirilir, dinlərarası dialoq təşviq olunur. Buna görə də dünyəvi məktəbin tələblərini dini etiqad azadlığının məhdudlaşdırılması kimi təqdim etmək düzgün deyil. Yetkin insanların dini seçim azadlığı qanunla qorunur, lakin dövlət məktəbinin necə bir təhsil mühiti olması ayrıca məsələdir.
Deputatın fikrincə, məktəb uşaqların ailələrinin maddi imkanlarından, valideynlərinin baxışlarından, sosial mənsubiyyətindən və dini həyat tərzindən asılı olmayaraq bərabər şəraitdə təhsil aldığı məkan olmalıdır. Vahid məktəbli forması zahiri fərqləri və sosial statusun nümayişini minimuma endirir, geyimin qiyməti və dəbdəbəsi üzərindən rəqabəti azaldır, məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir. Bu, eyni zamanda məsuliyyətin formalaşmasına, sosial təbəqələşmə və ayrı-seçkilik risklərinin azalmasına xidmət edir.
S.Fətəliyeva bildirib ki, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə vahid məktəbli formasının bütövlüyünü pozan və ya ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərinə yol verilməməsi müəyyənləşdirilib. Bununla yanaşı, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə həsr olunan tədbirlərdə pedaqoji şuranın qərarı ilə milli geyimdən və onun elementlərindən istifadə edilə bilər. Bu yanaşma standart məktəbli forması ilə mədəni özünüifadə imkanlarının fərqləndirilməsinə əsaslanır.
Deputat xüsusilə hicab məsələsinin həssas yanaşma tələb etdiyini vurğulayıb. O bildirib ki, yetkin qadının dinə münasibətini müstəqil müəyyənləşdirmək və seçiminə uyğun həyat tərzi sürmək hüququ var. Uşaqların vəziyyəti isə fərqlidir: onların dünyagörüşü hələ formalaşır və qərarları ailə və ətraf mühitin təsirindən asılı ola bilər. “Uşaq hüquqları haqqında” Qanuna əsasən, valideynlər uşaqlarını öz dini əqidələrinə uyğun tərbiyə edə bilərlər, lakin uşağın dini etiqada məcbur edilməsi yolverilməzdir.
“Yetkin insanın dini seçimini məktəb yaşlı uşağın dini atributlardan istifadə etməsi ilə avtomatik şəkildə eyniləşdirmək olmaz. Söhbət qız uşağını gələcəkdə hicab taxmaq hüququndan məhrum etməkdən getmir. Əksinə, cəmiyyətin vəzifəsi elə şərait yaratmaqdır ki, bu seçim bir gün həqiqətən də onun öz seçimi olsun”, – deyə deputat bildirib.
Onun sözlərinə görə, məktəb yalnız fənlərin tədris olunduğu müəssisə deyil, həm də ictimai münasibətlərin formalaşdığı mühitdir. Uşaqlar burada fərqli mənşəyə, ailə ənənələrinə, maddi imkanlara və baxışlara malik insanlarla birgə yaşamağı öyrənirlər. Şagirdlərin xarici görünüşünün onların dini və ya sosial mənsubiyyətinin daimi göstəricisinə çevrilməsi məktəbdə aradan qaldırılmalı olan bölgülərin daha da dərinləşməsinə səbəb ola bilər. Buna görə də vahid forma intizamla yanaşı, sosial adaptasiya və bərabərlik baxımından da əhəmiyyətlidir.
S.Fətəliyeva əlavə edib ki, Prezident İlham Əliyev ideoloji təhlükəsizlik məsələlərinə toxunarkən təhsilin xarici ideoloji təsirlərə qarşı cəmiyyətin immunitetinin formalaşmasında rolunu vurğulayıb. Müasir dövrdə gənclərə təsir sosial şəbəkələr, internet platformaları və müxtəlif təbliğat resursları vasitəsilə, dövlət sərhədlərini aşaraq həyata keçirilir. Belə şəraitdə müstəqil düşünmək və informasiyanı tənqidi qiymətləndirmək bacarığı milli dayanıqlığın mühüm elementinə çevrilir. Burada söhbət dini geyimdən və ya dindar ailələrdən deyil, məktəbin uşaqlara istənilən təsiri şüurlu şəkildə qiymətləndirməyi öyrətməsindən gedir.
“Ən mühüm sərhəd də məhz buradan keçir: məktəb uşağa nə dini, nə də dinə qarşı kimlik aşılamalıdır. Məktəb ona bilik verməlidir. Məktəbi bitirdikdən sonra gənc öz dünyagörüşünü, dinə münasibətini, həyat tərzini və şəxsi əqidəsini ifadə formasını özü müəyyənləşdirəcək”, – deyə deputat vurğulayıb.
O qeyd edib ki, məktəbli formasına dair tələblər dini inancla mübarizə kimi deyil, təhsilin neytral məkanının qorunması prinsipi əsasında qiymətləndirilməlidir. Dövlət məktəbində vahid qaydalar bütün şagirdlərə eyni şəkildə tətbiq edilməli, uşaqlar dini və sosial mənsubiyyətlərinə görə fərqləndirilməməlidirlər.
Deputatın fikrincə, dövlət məktəbinin qorumağa borclu olduğu bərabərlik prinsipi məhz bundan ibarətdir.