Bakı. Trend:
Azərbaycan və Çin arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" hesabında paylaşım edib.
"Azərbaycanın strateji tərəfdaşı olan Çin Xalq Respublikasının Kənd Təsərrüfatı və Kənd İşləri naziri cənab Can Cu ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzaladıq.
Memorandum iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində qarşılıqlı investisiya imkanlarının təşviqi, eləcə də biznes subyektləri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi istiqamətləri əhatə edir. Sənəddə, həmçinin elmi-tədqiqat sahəsində əməkdaşlıq platformasının yaradılması, tədqiqatların nəticələrinin mübadiləsi və kənd təsərrüfatının #rəqəmsallaşdırılması üzrə təcrübə mübadiləsi məsələləri öz əksini tapıb.
Görüş zamanı Azərbaycan məhsullarının Çin bazarına ixrac imkanlarının genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirdik. Pambıq, zeytun yağı, şərab, fındıq, badam, quş əti və akvakultura məhsullarının Çinə ixrac perspektivlərinin araşdırılmasına və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinə marağımızı diqqətə çatdırdıq.
Bununla yanaşı, Çinin kənd yerlərinin inkişafı və yenidən canlandırılması proqramları, eləcə də torpaq idarəçiliyi sahəsində əldə etdiyi təcrübə və nailiyyətlərin öyrənilməsinin əhəmiyyətini vurğuladıq.
İnanırıq ki, imzalanmış Anlaşma Memorandumu Azərbaycan-Çin kənd təsərrüfatı əməkdaşlığının daha da dərinləşməsinə, qarşılıqlı ticarət və investisiya imkanlarının genişlənməsinə, həmçinin aqrar sahədə innovasiya və texnologiyalar üzrə təcrübə mübadiləsinin gücləndirilməsinə mühüm töhfə verəcək", - paylaşımda qeyd edilib.
