Bakı.Trend:
İndoneziya Azərbaycanla enerji sektoruna birgə investisiya imkanlarını, yeni innovativ istiqamətlərin inkişafını və Qarabağın bərpası sahəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi şənbə günü Bakıda keçirilən İndoneziyanın ənənəvi döyüş sənəti Pencak silatın təbliğinə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İndoneziya xarici işlər nazirinin müavininin Azərbaycan tərəfi ilə keçirəcəyi görüşlərin gündəliyinə üç istiqamət daxil olacaq: siyasi məsləhətləşmələr və siyasi kursun hazırlanması, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlıq, həmçinin sosial-mədəni məsələlər.
Bundan əlavə, səfir bildirib ki, İndoneziyanın investisiyalar nazirinin müavini ilə görüşlərdə əməkdaşlığın dörd istiqamətinin müzakirəsi nəzərdə tutulur.
“Birinci istiqamət enerji sektoruna birgə investisiya imkanlarının araşdırılmasıdır. İkinci istiqamət dayanıqlı inkişaf üçün yeni innovativ sahələrin öyrənilməsidir. Üçüncü istiqamət ərzaq təhlükəsizliyi ilə bağlı kənd təsərrüfatı layihələrinin araşdırılmasıdır. Dördüncü istiqamət isə Qarabağın bərpasında iştirakımızdır”, – deyə səfir qeyd edib.
O əlavə edib ki, İndoneziya şirkətləri Qarabağın bərpası layihələri çərçivəsində Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırdır.
Berlian Helminin sözlərinə görə, indoneziyalı nazir müavini Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərin qrafikinin razılaşdırılmasını gözləyir.