Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində məxməri bağacığına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə dair iclas keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, aidiyyəti idarə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
İclasda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dövlətin aqrar sektora, xüsusilə də kənd təsərrüfatının inkişafına və bitkiçiliyin qorunmasına göstərdiyi daimi qayğıdan danışıb. O, məxməri bağacığına qarşı vaxtında və səmərəli mübarizənin aparılmasının məhsuldarlığın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. İcra başçısı qeyd edib ki, bu istiqamətdə görülən işlər dövlət proqramlarına uyğun olaraq mütəmadi şəkildə gücləndirilməlidir. Həmçinin zərərvericiyə qarşı mübarizədə aqrotexniki və kimyəvi üsullardan düzgün istifadənin vacibliyi diqqətə çatdırılıb.
Daha sonra aidiyyəti idarə rəhbərlərinin məxməri bağacığına qarşı mübarizə tədbirlərinin gedişi ilə bağlı məruzələri dinlənilib. Məruzələrdə rayon üzrə aparılan monitorinqlərin nəticələri və tətbiq olunan mübarizə üsullarının effektivliyi barədə ətraflı məlumat verilib.
İnzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri kəndlərdəki mövcud vəziyyət, əhali arasında aparılan maarifləndirmə işləri və mübarizə tədbirlərinin gedişi barədə fikirlərini bölüşüblər. Çıxışlarda yerlərdə zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə görülən profilaktik işlərin əhəmiyyəti xüsusi qeyd edilib.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev məxməri bağacığına qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi ilə bağlı aidiyyəti şəxslərə konkret tapşırıqlar verib.









