Bakı. Trend:
Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir.
Trend-in tədbirdə iştirak edən müxbirinin xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransdan əvvəl jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi növbəti tədbir gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə həsr olunub.
G.İsmayılovun sözlərinə görə, milli-mənəvi dəyərlərlə bağlı, eyni zamanda dini radikalizmlə mübarizə və dini maarifçilik işinin təşkili istiqamətində mütəmadi olaraq silsilə tədbirlər keçirilir. Bu tədbirlər əsasən aidiyyəti qurumlarla birgə təşkil olunur.
O qeyd edib ki, indiyədək bu istiqamətdə Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər keçirilib. Bundan əvvəl də Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclərin dini maarifləndirmə baxımından savadlılığının artırılması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərin əlaqələndirilməsi məqsədilə tədbirlər təşkil olunub.
Sədr müavini vurğulayıb ki, budəfəki konfrans da bu qəbildən olan növbəti tədbirdir və aktual məsələlərdən birinə — gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə həsr edilib.
“Cəmiyyətimizin əsas aktual problemlərindən biri məhz gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasıdır”, — deyə G.İsmayılov bildirib.
O bildirib ki, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi dedikdə, yalnız onların vətənpərvərlik ruhunda yetişdirilməsi, dilə və dinə münasibətdə sağlam yanaşmanın formalaşdırılması nəzərdə tutulmur. Bu proses çərçivəsində gənclərlə işin, xüsusilə sosial şəbəkələr vasitəsilə həyata keçirilən fəaliyyətin, eləcə də ailənin və cəmiyyətin rolunun müzakirəsi də nəzərdə tutulur.
G.İsmayılov qeyd edib ki, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində din xadimlərinin və dini icmaların rolu da olduqca əhəmiyyətlidir.
Onun sözlərinə görə, konfransda Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatlarının və onların yerli strukturlarının nümayəndələri ilə yanaşı, ölkənin bütün bölgələrini təmsil edən din xadimləri, dini icma sədrləri, eləcə də bu prosesdə fəal iştirak edən ilahiyyatçılar iştirak edirlər.
Sədr müavini bildirib ki, konfransın əsas mövzuları ailənin, təhsilin, cəmiyyətin, dini icmaların və dini konfessiyaların gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində iştirakının müzakirəsi, bu sahədə fəaliyyətin daha sıx və effektiv əlaqələndirilməsi, həmçinin sosial şəbəkələrin imkanlarından istifadə etməklə görülən işlərin gücləndirilməsidir.
O vurğulayıb ki, bu prosesdə dini icmaların və din xadimlərinin roluna xüsusi önəm verilir.
“Din xadimlərinin, dini icmaların da işimizin daha da gücləndirilməsinə bu gün olduqca ehtiyac var”, — deyə G.İsmayılov qeyd edib.
Sədr müavini əlavə edib ki, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması hazırda cəmiyyətin əsas aktual məsələlərindən biridir və bu istiqamətdə aidiyyəti qurumlarla iş daha da gücləndiriləcək.