Bakı.Trend:
Bağlantılar Almaniya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin ikinci dayağı olacaq.
Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda keçirilən Almaniya-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke deyib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Berlindəki son səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açdı. İkitərəfli tərəfdaşlığın strateji gündəliyi üzrə Birgə Bəyannamə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı hər iki tərəfin güclü öhdəliyini ifadə edir. Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri zamanı daha bir mühüm sənəd – Almaniya-Azərbaycan Biznes Şurasının yaradılması haqqında saziş imzalandı”, - deyə Lölke bildirib.
O, Bakıda keçirilən hazırkı konfransın Berlinə səfərdən sonra ilk böyük tədbir olduğunu vurğulayıb.
“Əminəm ki, bağlantılılıq məsələsi çox yaxın zamanda ikitərəfli iqtisadi münasibətlərimizin enerji ilə yanaşı ikinci dayağına çevriləcək”, - deyə səfir bildirib.
Regiondakı sabitlik məsələsinə toxunan Lölke qeyd edib ki, Almaniya hökuməti Azərbaycan və Ermənistanın sülh prosesində əldə etdiyi irəliləyişi və bu prosesi davam etdirmək öhdəliyinə sadiqliyini alqışlayır.
“Dayanıqlı sülh, əlbəttə, regionun sabitliyi, regional inteqrasiya, eləcə də iqtisadi potensialın reallaşdırılması üçün zəruridir”, - deyə diplomat vurğulayıb.
Səfir həmçinin Almaniyanın iki nazirliyinin nümayəndələrinin konfransda iştirakını qeyd edib və tədbirin təşkilinə, eləcə də Almaniyanın səfirliyi ilə uzun illər davam edən əməkdaşlığa görə Alman-Azərbaycan Xarici Ticarət Palatasına (AHK) təşəkkür edib.
“Səfirlik bu prosesi bundan sonra da dəstəkləməyə hazırdır”, - deyə Lölke əlavə edib.
Qeyd edək ki, Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkilatçılığı ilə “Almaniya-Azərbaycan: Strateji Tərəfdaşlıq və Bağlantılar ” mövzusunda konfrans keçirilir. Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edirlər.
Konfrans Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma layihələri üçün maliyyələşmənin səfərbər edilməsinə həsr olunub.
Proqrama həmçinin Orta Dəhlizin inkişafı, investisiyaların cəlb edilməsi, yaşıl enerji, dövlət-özəl tərəfdaşlığı, rəqəmsal transformasiya və kibertəhlükəsizlik məsələləri üzrə panel müzakirələri və B2G dəyirmi masaları daxildir. Konfrans Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsinə, həmçinin infrastruktur, enerji, nəqliyyat, logistika və rəqəmsallaşma sahələrində yeni tərəfdaşlıqların formalaşdırılmasına yönəlib.