Bakı. Trend:
Azərbaycanın bərpa olunan enerji, xüsusilə dənizüstü külək enerjisi sahəsində böyük potensialı var və “Siemens Energy” bu istiqamətdə ölkə ilə əməkdaşlıqda maraqlıdır.
Bunu "Siemens Energy" şirkətinin Avropa üzrə baş vitse-prezidenti və rəhbəri Frederik Doye çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində Trend-ə açıqlamasında deyib
O bildirib ki, region ümumilikdə dənizüstü külək və digər bərpa olunan enerji mənbələrinin inkişafı baxımından böyük potensiala malikdir.
“Regionda, xüsusilə dənizüstü külək və bərpa olunan enerji sahəsində böyük potensial görürük. Əlbəttə, regionda layihələr reallaşacağı təqdirdə bu prosesdə iştirak etməkdən məmnun olarıq”, - deyə F.Doye bildirib.
Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi ölkəyə Şərqlə Qərbi birləşdirən mühüm enerji bağlantısı rolunu oynamaq imkanı verir.
“Azərbaycan çox əlverişli coğrafi mövqedə yerləşir. Ölkə Şərqlə Qərbi birləşdirə bilər. Yaşıl enerji dəhlizi ilə bağlı həyata keçirilən təşəbbüsləri nəzərə alsaq, həm külək enerjisi, həm də ümumilikdə bərpa olunan enerji sahəsində çox böyük potensial var. "Siemens Energy" olaraq bu prosesə töhfə verməkdən məmnunuq”, - deyə o qeyd edib.
F.Doye Azərbaycanın yalnız enerji istehsalçısı kimi deyil, həm də Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionları arasında enerji bağlantısının formalaşdırılmasında mühüm rol oynaya biləcəyini vurğulayıb.
O qeyd edib ki, yaşıl enerji dəhlizlərinin inkişafı Azərbaycanın bərpa olunan enerji potensialının regional və Avropa enerji bazarları ilə əlaqələndirilməsi baxımından mühüm imkanlar yaradır.
“Siemens Energy” rəhbərinin sözlərinə görə, şirkət Azərbaycanın enerji transformasiyasını və yaşıl enerji hədəflərini dəstəkləməyə hazırdır.
“Siemens Energy” olaraq Azərbaycanın enerji potensialının inkişafına, bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə və yaşıl enerji dəhlizlərinin yaradılmasına töhfə vermək istəyirik. Bu istiqamətdə texnologiyalarımızı, təcrübəmizi və ekspertizamızı təqdim etməyə hazırıq”, - deyə F.Doye bildirib.
O, şirkətin bu istiqamətdə konkret əməkdaşlıq planlarının olduğunu, lakin həmin planların hələlik ictimaiyyət üçün açıqlanmadığını da bildirib.
“Bir çox planlarımız var, lakin hələlik onları ictimaiyyətə açıqlamırıq”, - deyə F.Doye əlavə edib.