Bakı.Trend:
Qazaxıstanla Azərbaycan arasında Transxəzər fiber-optik rabitə xəttinin (FOXL) 2026-cı ilin oktyabrında istifadəyə verilməsi planlaşdırılır.
Bunu çərşənbə axşamı Qazaxıstanın baş nazirinin müavini – süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev Astanada hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, FOXL üzrə Azərbaycanın Sumqayıt şəhərinin sahilindən Qazaxıstanın Aktau sahilinə qədər artıq 390 kilometr kabel çəkilib.
Madiyev həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən təsdiq edilmiş "Digital Qazaqstan" strategiyasının icrası barədə məlumat verib.
“Dövlət başçısı Kasım-Jomart Tokayev tərəfindən təsdiq edilmiş Digital Qazaqstan strategiyasının icrası çərçivəsində QazTech platforması dövlət xidmətlərinin rəqəmsal ekosisteminin əsasına çevrilib. Cari il üçün nəzərdə tutulan informasiya sistemlərinin inteqrasiyası 92 faiz başa çatdırılıb”, - deyə o bildirib.
Baş nazirin müavininin sözlərinə görə, “Sosial pul kisəsi” 3 milyon istifadəçini əhatə edir və ünvanlı sosial dəstək göstərir. "e-Otinish" sistemində süni intellekt vasitəsilə 3,2 milyondan çox müraciət emal edilib, "eGov GPT" vasitəsilə isə 51 xidmət əlçatandır.
“İlin sonunadək onların sayını trafikin 80 faizini formalaşdıran ən çox tələb olunan 150 xidmətədək artıracağıq. 2028-ci ilədək süni intellektdən istifadə edilən xidmətlərin payını 40 faizə çatdırmağı, 2029-cu ilədək isə xidmətlərin alınmasına sərf olunan vaxtı iki dəfə azaltmağı planlaşdırırıq”, - deyə Madiyev bildirib.
Onun sözlərinə görə, Əhaliyə Xidmət Mərkəzlərinin rəqəmsal ofislərə transformasiyası həyata keçirilir. Burada xidmətləri daxili rəqəmsal köməkçi "eGov GPT" ilə təchiz edilmiş terminallar vasitəsilə müstəqil şəkildə və ya məsləhətçinin köməyi ilə əldə etmək mümkündür. Hazırda dörd regionda beş rəqəmsal ofis açılıb, on regionda isə maliyyələşmə məsələləri həll edilib.
Qeyd edək ki, Azərbaycanın və Qazaxıstanın telekommunikasiya şirkətləri – “AzərTelecom” və “Kazakhtelecom” 2022-ci ilin sentyabrında Astanada keçirilən beynəlxalq forum çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlığa dair memorandum imzalayıblar.