Bakı. Trend:
Transxəzər Sahibkarlıq Fondu regional bağlantının inkişafına özəl investisiyaları təşviq edəcək.
Trend-in müxbiri xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon sentyabrın 30-da Bakıda Amerika Ticarət Palatasının (USACC) üzvləri və tərəfdaşları üçün təşkil olunan tədbirdə bildirib.
“ABŞ “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu”nda (TRIPP) pay sahibi kimi burada sadəcə kənardan müşahidə aparmır. Başqa sözlə, biz özümüz bu prosesdə maraqlıyıq. Bu yaxınlarda yaradılmış, 201 milyon dollar həcmində olan Transxəzər Sahibkarlıq Fondu özəl sektorun regionda bağlantının inkişafına investisiyalarını təşviq edəcək. USACC bütün bu inanılmaz yol boyunca, o cümlədən bu axşam və ötən həftə Vaşinqtonda ABŞ Dövlət Departamenti və Dünya Bankının iştirakı ilə regional bağlantı məsələlərinə həsr olunmuş dəyirmi masa çərçivəsində bizim tərəfdaşımız olub”, - deyə o bildirib.
Karlon qeyd edib ki, o, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən tarixi Vaşinqton sülh sammitindən qısa müddət əvvəl Azərbaycana gəlib.
“Sammit yalnız davamlı sülhə gedən yolu açmadı. O, həmçinin Tramp Marşrutunun başlanğıcını qoydu və ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığın əsasını yaratdı. USACC ilk gündən bizim tərəfdaşımız olub. Ötən ilin sentyabrında USACC Transxəzər marşrutu üzrə Azərbaycana, Gürcüstana və Qazaxıstana biznes missiyası təşkil etdi. Bu missiya Azərbaycandakı fəaliyyətim dövründə ilk böyük iqtisadi uğurlardan biri oldu və hadisələrin gələcək inkişaf istiqamətini göstərdi”, - deyə o bildirib.
Onun sözlərinə görə, fevral ayında 2008-ci ildən bəri Azərbaycana səfər edən ən yüksək səviyyəli amerikalı qonaq olan ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bakıya gəlib və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb.
“Bu sənəd iki ölkə arasında regional bağlantı, süni intellekt və rəqəmsal texnologiyalar kimi sahələrə qarşılıqlı investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur”, - deyə Karlon vurğulayıb.
O, həmçinin iyun ayında tarixdə ilk dəfə ABŞ-Azərbaycan iqtisadi dialoqunun keçirildiyini xatırladıb.
“Biz kritik əhəmiyyətli minerallara dair anlaşma memorandumu imzaladıq və Amerika şirkətlərinin Azərbaycan şirkətləri ilə milyardlarla dollar dəyərində, hər iki ölkəyə qarşılıqlı rifah və iş yerləri gətirəcək sazişlər bağlamasının şahidi olduq”, - deyə diplomat bildirib.
Karlon ötən həftə keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələrini də vurğulayıb.
“Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ExxonMobil, Oracle, Apollo və Comstock şirkətlərinin Azərbaycanın enerji və rəqəmsal sektorlarını potensial olaraq köklü şəkildə dəyişə biləcək sazişlər imzalamasının şahidi olduq. Biz hələ yolun başlanğıcındayıq. Bu, münasibətlərimizin yalnız başlanğıcıdır. Həmçinin ötən həftə BMT Baş Assambleyası çərçivəsində TRIPP-ə həsr olunmuş uğurlu yan tədbir keçirdik”, - deyə o əlavə edib.
Karlon ABŞ ilə Azərbaycan arasında biznes əlaqələrinin inkişafında USACC-nin rolunu xüsusi qeyd edib.
“Son 13 transformativ ay ərzində USACC Bakıda ABŞ səfirliyinin və Vaşinqtondakı həmkarlarımın son dərəcə etibarlı və ardıcıl tərəfdaşı olub. USACC, Azərbaycan hökuməti və bütün tərəfdaşlarla birlikdə ABŞ-Azərbaycan münasibətlərinin görünməmiş yüksək səviyyəyə çatdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə etmişik”, - deyə o bildirib.
Karlonun sözlərinə görə, ABŞ iqtisadi məqsədlərinin həyata keçirilməsində USACC-yə və özəl sektorun digər nümayəndələrinə ümid bəsləyir.
“Biz Amerika şirkətlərinin burada uğurla fəaliyyət göstərməsinə dəstək verməyə, bununla da Amerika xalqı üçün rifah və iş yerləri yaratmağa, eyni zamanda Azərbaycan və regiona da eyni rifahı gətirməyə yönəlmişik”, - deyə o yekunlaşdırıb.