Bakı.Trend:
Belçikanın logistika şirkəti birgə müəssisənin yaradılması üçün Azərbaycandan olan tərəfdaş axtarır.
Bu barədə BELGAZERCOM-un sədri Stef Qoris sentyabrın 30-da Bakıda keçirilən üçüncü biznes missiyası çərçivəsində Trend-ə özəl müsahibəsində deyib.
"Move Intermodal nv" logistika şirkəti intermodal daşımalar, yəni dəmir yolu, avtomobil və dəniz nəqliyyatından istifadə sahəsində birgə müəssisə yaratmaq üçün konkret olaraq azərbaycanlı tərəfdaş axtarır. Şirkət öz məhsullarını İsveçin şimalından Bakıya vahid marşrut üzrə çatdırmaq istəyir. O, artıq İstanbulda analoji şirkət yaradıb", - BELGAZERCOM sədri deyib.
Onun sözlərinə görə, palatanın nümayəndələri mümkün əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün Azərbaycanın bir neçə ən iri bankının və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri ilə də görüşlər keçiriblər.
Bu kontekstdə Qoris geosiyasi qeyri-müəyyənlik fonunda Orta Dəhlizin artan əhəmiyyətini vurğulayıb.
"Azərbaycan şimaldan cənuba və şərqdən qərbə uzanan marşrutların kəsişməsində yerləşir. Ukraynadakı müharibə, İran ətrafındakı vəziyyət, Hörmüz və Babül-Məndəb boğazlarının bağlanması, Süveyş kanalı ilə bağlı problemlər və Səudiyyə Ərəbistanında səhradan keçən boru kəmərinə hücumlarla əlaqədar dünyada mövcud olan problemlər fonunda hər kəs əhəmiyyəti getdikcə artan Orta Dəhlizə diqqət yetirir. Buna görə də biz Belçika şirkətlərimizin burada vaxtında təmsil olunmasını istəyirik", - deyə Qoris əlavə edib.