Bakı. Trend:
Dünya iqtisadiyyatında təchizat zəncirlərinin yenidən qurulduğu, enerji bazarlarının dəyişdiyi və kapitalın daha təhlükəsiz və proqnozlaşdırılan istiqamətlər axtardığı bir vaxtda Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu diqqəti ölkənin investisiya imkanlarından daha geniş məsələyə yönəltdi. Forum Azərbaycanın qlobal iqtisadi dəyişikliklər fonunda öz mövqeyini necə gördüyünü və qarşıdakı illərdə hansı sahələri yeni artım mənbəyi hesab etdiyini nümayiş etdirdi.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Tədbirin builki mövzusu da təsadüfi seçilməmişdi: "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi”. Gündəlikdə Orta Dəhliz, enerji, yaşıl keçid, süni intellekt, rəqəmsal transformasiya, infrastruktur, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı və insan kapitalı kimi bir-birindən fərqli, lakin gələcək iqtisadiyyat üçün bir-birini tamamlayan istiqamətlər yer aldı.
Forumun əhəmiyyətini yalnız Bakıda keçirilən yüksək səviyyəli görüşlərin sayı ilə ölçmək çətindir. Əsas məsələ müxtəlif sahələrdə kapitala ehtiyacı olan layihələrlə qlobal investorların eyni platformada bir araya gəlməsidir. Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri də bu baxımdan müəyyən baza yaradıb. 2025-ci ildə keçirilən ilk forumda 1000-ə yaxın iştirakçı olub və 10 milyard dollardan çox investisiya dəyərində sazişlər imzalanıb. Bunun 7 milyard dollardan çoxu qeyri-neft sektoruna aid layihələrin payına düşüb.
İkinci forum isə bu platformanın davamlı xarakter aldığını göstərdi. Burada artıq söhbət yalnız Azərbaycanın öz investisiya imkanlarını təqdim etməsindən getmirdi. Cənubi Qafqazın dəyişən iqtisadi rolu, Avropa ilə Asiya arasında bağlantıların genişlənməsi və yeni enerji marşrutlarının formalaşması da müzakirələrin əsas hissəsini təşkil etdi", - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycanın investisiya potensialının əsas xüsusiyyətlərindən biri məhz bu müxtəliflikdir.
"Ölkə ənənəvi olaraq enerji sektorunda iri beynəlxalq layihələrin iştirakçısı olub. Lakin son illərdə investisiya gündəliyi tədricən genişlənərək logistika, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Prezident İlham Əliyev forum çərçivəsində investorların qarşısında Azərbaycanın növbəti mərhələdə hansı istiqamətlərə üstünlük verəcəyini də açıqlayıb. Onun sözlərinə görə, son 20 ildə ölkəyə 350 milyard dollardan çox investisiya cəlb edilib və bunun yarısı birbaşa xarici investisiyaların payına düşüb: "Uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik". Bu fikir Azərbaycanın qarşısındakı əsas iqtisadi məsələlərdən birini göstərir. Ölkə üçün məqsəd enerji sektorundan imtina etmək deyil, formalaşmış enerji bazasını qorumaqla yanaşı, yeni investisiya istiqamətlərinin çəkisini artırmaqdır. Prezidentin çıxışında bərpaolunan enerji, logistika və nəqliyyat, mədənçilik, rəqəmsal infrastruktur və ərzaq təhlükəsizliyi məhz bu baxımdan önə çəkildi", - politoloq bildirib.
Onun sözlərinə görə, bərpaolunan enerji bu yeni mərhələnin ən böyük istiqamətlərindən biridir. Azərbaycan Xəzərin öz sektorunda böyük külək enerjisi potensialına malikdir. Bu potensial yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Qarşıdakı mərhələdə ötürücü xətlərin, enerji saxlanc sistemlərinin və regional elektrik bağlantılarının inkişafı da investisiya imkanlarını genişləndirə bilər.
"Nəqliyyat və logistika da eyni dərəcədə əhəmiyyətlidir. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişdiyi məkanda yerləşir. Bu mövqenin iqtisadi dəyəri isə yalnız coğrafiya ilə müəyyənləşmir. Dəmir yollarına, limanlara, avtomobil yollarına, hava nəqliyyatına və gömrük infrastrukturuna yatırılan investisiyalar Azərbaycanın tranzit imkanlarını real iqtisadi üstünlüyə çevirməyə xidmət edir. Prezident İlham Əliyev forumda 2030-cu ilədək ölkə ərazisindən keçən tranzit yüklərin həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaq hədəfini açıqlayıb", - o bildirib.
Politoloq vurğulayıb ki. bu mənada Azərbaycanın gələcək investisiya strategiyasında fiziki bağlantı ilə rəqəmsal bağlantı artıq eyni zəncirin hissələridir.
"Forumda süni intellekt və data mərkəzləri mövzularının ayrıca müzakirə olunması da bunu göstərir. Əlverişli enerji imkanları, Avropa ilə Asiya arasında yerləşmə və yeni fiber-optik bağlantılar Azərbaycanın rəqəmsal infrastruktur üçün regional mərkəzə çevrilməsi ideyasını gündəmə gətirir. Prezident İlham Əliyev həmçinin çıxışında ölkənin aşağı xarici borcunu, valyuta ehtiyatlarını, uzunmüddətli müqavilə təcrübəsini və sabit investisiya mühitini investorların qərarlarına təsir edən amillər sırasında göstərib: "Bizim etməli olduğumuz yalnız əlverişli mühit yaratmaqdır. Sadəcə bunun üçün müəyyən imkan və şərait yaratmalıyıq". Bu yanaşma forumun mahiyyətini də izah edir. İnvestisiya forumu yalnız şirkətlərin layihələrini təqdim etdiyi məkan deyil. Belə tədbirlər dövlətin investor qarşısında hansı şərtləri təklif etdiyini, hansı istiqamətlərdə əməkdaşlıq gözlədiyini və iqtisadiyyatın gələcək inkişafını hansı resurslar üzərində qurmaq istədiyini göstərmək üçün platformadır", - o bildirib.
A.Qarayev qeyd edib ki, Bakıda keçirilən forumun digər mühüm tərəfi isə Azərbaycanla yanaşı, bütövlükdə Cənubi Qafqazın iqtisadi potensialının müzakirə olunmasıdır. Regionda nəqliyyat və enerji bağlantılarının genişlənməsi yeni bazarlara çıxış imkanlarını artırır. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi isə bu coğrafiyanın daha geniş iqtisadi zəncir kimi nəzərdən keçirilməsinə şərait yaradır.
"Beləliklə, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir tədbirdən daha artıq məna daşıdı. Forum Azərbaycanın artıq formalaşmış enerji və infrastruktur imkanlarını yeni texnologiyalar, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və regional bağlantılarla birləşdirmək niyyətini ortaya qoydu. Bakının belə bir platformaya ev sahibliyi etməsi də təsadüfi deyil. Azərbaycanın qarşıdakı investisiya mərhələsində əsas məsələ yalnız daha çox kapital cəlb etmək deyil, həmin kapitalı iqtisadiyyatın yeni sahələrinə yönəltmək və ölkənin regional bağlantı imkanlarından daha böyük əlavə dəyər yaratmaqdır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu məhz bu istiqamətdə Azərbaycanın özünü qlobal investorlar qarşısında təqdim etdiyi mühüm platformaya çevrildi", - politoloq əlavə edib.