Bakı.Trend:
Nepalda xilasedicilər sentyabrın 27-də Himalay dağlarında baza düşərgəsinə qar uçqununun düşməsi nəticəsində həlak olan dörd nəfərin meyitini aşkar ediblər.
Bu barədə Nepal Dağ Bələdçiləri Milli Assosiasiyası məlumat yayıb.
Assosiasiyanın məlumatına görə, xilasedicilər bazar günü iki nəfərin meyitini, bazar ertəsi isə daha iki nəfərin meyitini aşkar ediblər. Assosiasiya xilasetmə işlərinin davam etdiyini bildirib.
Daha əvvəl “Kathmandu Post” qəzeti Himalay dağlarında Himlunq-Himal dağı ərazisində düşərgəyə qar uçqununun düşməsindən sonra azı 14 Nepal vətəndaşının itkin düşdüyünü yazıb. Qəzetin məlumatına görə, itkin düşənlər Nepal ekspedisiya qrupunun üzvləridir və onların arasında xarici turistlər yoxdur. Daha sonra qəzet xilasedicilərin itkin düşənlərin axtarışına başladığını bildirib.