Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın "Securing Energy for Europe GmbH "(SEFE) şirkəti enerji infrastrukturunun inkişafı sahəsində əməkdaşlığı genişləndirəcək.
Bu barədə şənbə günü SOCAR-ın dərc etdiyi məlumatda qeyd olunub.
"SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında təbii qaz və LNG təchizatı, enerji infrastrukturu layihələrinin birgə inkişafı, hasilat layihələrinə investisiyalar, habelə enerji təhlükəsizliyinin gücləndirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Şirkətdən bildirildiyinə görə, memorandum çərçivəsində tərəflər təbii qaz və LNG tədarükü, enerji infrastrukturu layihələrinin birgə həyata keçirilməsi, hasilat layihələrinə investisiyalar, həmçinin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
Xatırladaq ki, 2025-ci il iyunun 10-da SOCAR və Almaniyanın dövlət enerji şirkəti SEFE (Securing Energy for Europe) təbii qaz tədarükünə dair 10 illik müqavilə imzalayıb. Sənədə əsasən, SOCAR tərəfindən SEFE şirkəti üçün Avropaya qaz tədarük ediləcək. Tədarükün illik həcmi mərhələli şəkildə 15 teravat-saata (TWh), yəni təxminən 1,5 milyard kubmetr təbii qaza çatdırılacaq. SEFE oktyabr ayında yeni sazişin icra olunduğunu açıqlasa da, tədarükün başlanmasının dəqiq tarixini bildirməyib.
Qeyd edək ki, SEFE Avropada yerləşən və Almaniya Federal Hökumətinə məxsus beynəlxalq enerji şirkətidir. Şirkət enerjinin satın alınması və ticarətindən tutmuş satışına, nəqlinə və saxlanmasına qədər enerji zəncirinin bütün mərhələlərində fəaliyyət göstərir. SEFE təbii qaz, LNG və elektrik enerjisi üzrə ixtisaslaşıb, həmçinin hidrogen və aşağı karbonlu enerji ilə bağlı istiqamətləri inkişaf etdirir.
SEFE-nin baş ofisi Berlində yerləşir. Şirkətin, həmçinin London, Kassel, Mançester, Paris, Brüssel, Vyana, Rotterdam, Sinqapur, Hyuston və digər şəhərlərdə bölmələri və ofisləri fəaliyyət göstərir.
SEFE Avropada sənaye istehlakçılarını enerji ilə təchiz edən edən iri şirkətlərdən biridir.