Bakı. Trend:
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.
Şirkətdən verilən məlumata görə, SOCAR və “ExxonMobil” şirkəti arasında imzalanmış “Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”nə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə 50 faiz SOCAR, 50 faiz “ExxonMobil” olmaqla bölüşdürüləcək. Layihənin operatoru “ExxonMobil” şirkəti olacaq.
Mərasimdə SOCAR, XRG və “TotalEnergies” şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı mübadilə edilib. Yatağın tammiqyaslı işlənməsi üzrə görüləcək işlər çərçivəsində əlavə quyuların qazılması, eləcə də yeni emal infrastrukturunun yaradılması yatağın resurs potensialının səmərəli işlənməsinə və ümumi hasilat əmsalının qabaqcıl beynəlxalq qaz layihələri ilə oxşar səviyyəyə çatdırılmasına imkan verəcək.
SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi üzrə tərəflər “Comstock”un iştirak payına aid olan və “Haynesville” şist aktivlərindən hasil edilən təbii qazın mayeləşdirilərək (LNG) SOCAR tərəfindən ABŞ-dən kənar beynəlxalq bazarlarda satış imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq edəcək. Şirkətlər potensial alıcıların müəyyənləşdirilməsi, qiymət formalaşdırma mexanizmlərinin dəyərləndirilməsi, eləcə də bu cür beynəlxalq satış mexanizmləri ilə bağlı logistika və tənzimləyici məsələlərə diqqət ayıracaq.
SOCAR ilə “Apollo” şirkəti arasında “upstream” işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu “Apollo”nun idarə etdiyi fondlar tərəfindən SOCAR-ın “upstream” işlənmə və hasilat layihələrindəki paylarına mümkün investisiyanın qiymətləndirilməsi və strukturlaşdırılması, bu məqsədlə birgə işçi qrupların yaradılması, hüquqi, maliyyə və texniki yoxlamanın aparılması və yekun sazişlərin hazırlanması məsələlərini nəzərdə tutur.
SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında təbii qaz və LNG təchizatı, enerji infrastrukturu layihələrinin birgə inkişafı, hasilat layihələrinə investisiyalar, habelə enerji təhlükəsizliyinin gücləndirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş şirkətlər arasında gələcək əməkdaşlığın çərçivələrini müəyyənləşdirir. Sənəd təbii qaz üzrə uzunmüddətli tərəfdaşlığı, eləcə də bununla əlaqədar infrastruktur və tənzimləyici məsələləri nəzərdə tutur. Tərəflər enerji keçidi, habelə hidrogen və onun törəmələri üzrə elmi-texniki məsələlər ilə bağlı da əməkdaşlıq edəcək.
Azərbaycanda “Oracle Alloy” platformasının tətbiqi ilə bağlı sənədə görə isə “Caspian Mind AI” Azərbaycanda Oracle Alloy operatoru olacaq və bu, şirkətə yerli səviyyədə idarə olunan bulud infrastrukturu vasitəsilə suveren “Oracle” bulud infrastrukturu xidmətləri təqdim etməyə imkan verəcək. “Caspian Mind AI” “Oracle”ın bulud texnologiyalarından və əməliyyat təcrübəsindən yararlanmaqla müştərilərlə münasibətləri, satış proseslərini və müştəri dəstəyinin müəyyən istiqamətlərini idarə edəcək.
Tədbir çərçivəsində SOCAR ilə İtaliyanın “Eni S.p.A.” şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunması Əməliyyatının Tamamlanmasına dair Protokol da mübadilə edilib. Əməliyyatın tamamlanması nəticəsində “Baleine” layihəsində iştirak payları “Eni” üzrə 37,25 faiz, “Vitol” üzrə 30 faiz, “Petroci” üzrə 22,75 faiz və SOCAR üzrə 10 faiz təşkil edir. Bu satınalma SOCAR-ın Afrikanın “upstream” sektoruna daxil olmasını təmin etməklə yanaşı, şirkətin qlobal “upstream” fəaliyyətini genişləndirməyə yönəlmiş uzunmüddətli strategiyasına töhfə verəcək.