Bakı. Trend:
Azərbaycan hazırda transformasiya dövrünü yaşayır və ölkədə bərpa olunan enerji, texnologiya, nəqliyyat sistemləri eləcə də elektrik avtomobilləri sahəsində əməkdaşlıq üçün real imkanlar mövcuddur.
Bunu Böyük Britaniya Lordlar Palatasının üzvü, Vimbledon baronu Tariq Mahmood Ahmad şənbə günü II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, forum Azərbaycanın dünyaya açıldığını nümayiş etdirir.
T.Ahmad Azərbaycanın hazırda transformasiya dövrünü yaşadığını vurğulayıb.
“Bəli, neft və qaz mühümdür, lakin bərpa olunan enerjiyə də sərmayə qoyulur. Siyasi baxımdan burada olmaqla yanaşı – mən keçmiş nazirəm, hələ də parlamentdəyəm – idarə heyətində yer aldığım bəzi şirkətlər baxımından da texnologiya, bərpa olunan enerji, nəqliyyat sistemləri, elektrik avtomobilləri və vasitələri üzrə əməkdaşlıq üçün real imkanların olduğunu düşünürəm. Beləliklə, imkanlar ortadadır”, - deyə Lordlar Palatasının üzvü bildirib.
O, Azərbaycan və Ermənistan arasında sülh prosesinə də toxunub.
“Böyük Britaniyanın xarici işlər naziri olduğum dövrdən Azərbaycan və Ermənistan məsələləri üzərində sıx çalışmışam və bu məsələnin həll olunmasından böyük məmnunluq duyuram”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, sabitlik və təhlükəsizlik həm siyasi, həm də investisiya baxımından əsas amillərdir.
“İstər siyasi rakursdan, istərsə də sərmayə baxımından yanaşdıqda, sabitlik və təhlükəsizlik əsas amillərdir və Azərbaycan buna sahibdir”, - deyə T.Ahmad vurğulayıb.
Tərəfdaşlarla saziş və ya anlaşma memorandumlarının imzalanmasının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala cavab olaraq o bildirib ki, bu istiqamətdə imkanlar müzakirə olunacaq.
“Baxacağımız sahələrdən biri də budur və şübhəsiz ki, imkanların nədən ibarət olduğunu bəzi həmkarlarımla müzakirə edəcəyəm. Bu səfər zamanı olmasa da, bunun üzərində necə işləyə biləcəyimizi görmək üçün yaxın zamanlarda yenidən qayıtmağı planlaşdırırıq”, - deyə Lordlar Palatasının üzvü qeyd edib.