Bakı.Trend:
Azərbaycanın strateji ehtiyatları ÜDM-i üstələyir və 41 aylıq idxalı təmin edir.
Trend-in müxbiri xəbər verir ki, bunu cümə günü Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
“Strateji ehtiyatlar həmçinin M2 pul kütləsindən 3,5 dəfə çoxdur. Azərbaycanın xarici dövlət borcu ÜDM-in 6 faizini təşkil edir. İqtisadiyyatın dollarlaşması azalmağa davam edib, rezidentlərin valyuta depozitlərinin payı isə tarixi minimuma – 25,8 faizə çatıb. Manatın məzənnəsi 2017-ci ildən etibarən sabit qalır. Mərkəzi Bankın iyul proqnozuna əsasən, 2026-cı ilin yekununda Azərbaycanın qeyri-neft ÜDM-i 4,4 faiz artacaq. Bununla yanaşı, cari əməliyyatlar hesabının profisiti 6,1 milyard dollar təşkil edir”, - deyə T.Kazımov bildirib.
Onun sözlərinə görə, inflyasiya Mərkəzi Bankın hədəf diapazonu daxilindədir və orta müddətli perspektivdə onun bu diapazonda qalacağı gözlənilir.
T.Kazımov qeyd edib ki, qlobal qeyri-müəyyənlik şəraitində Azərbaycan davamlı iqtisadi artımın təmin edilməsi məqsədilə infrastrukturun maliyyələşdirilməsi, sənayenin inkişafı və regional bağlantının gücləndirilməsi üçün beynəlxalq kapitalın cəlb edilməsinə üstünlük verir.
Onun sözlərinə görə, Orta Dəhlizdə strateji mövqedə yerləşən nəqliyyat-logistika qovşağı kimi Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi prosesində xarici investisiyalara xüsusi əhəmiyyət verir