Bakı.Trend:
Gürcüstanda Şərq-Qərb magistral yolunun 75%-i artıq tamamlanıb və geridə qalan sərhədyanı əlaqələrin isə 2030-cu ilə qədər yekunlaşdırılması planlaşdırılır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Vaxtanq Tsintsadze cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsindəbaş tutan “Orta Dəhliz: Regional ticarət, əlaqələr və dəyər zəncirləri” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, Gürcüstan Orta Dəhlizin əsas halqalarından biridir:
"Biz Orta Dəhlizin öz maksimum gücündən istifadə etməsi üçün vacib olan infrastrukturlarımızın, xüsusən də kritik infrastrukturlarımızın əksəriyyətini təkmilləşdirməyə çalışırıq. Bu magistral yol tamamlandıqdan sonra Rikotidən Sarpiyə qədər daşınma müddəti 8 saatdan 4 saata qədər azalacaq. Dəmir yolunun modernləşdirilməsi ilə bağlı vacib məqamlardan biri odur ki, bu modernləşdirmə artıq başa çatıb və yükdaşımaların vaxtı 24 saatdan 12 saata endirilib".
“Orta Dəhlizin ana elementlərindən biri olan və 2029-cu ildən fəaliyyətə başlayacaq Anaklia dərin dəniz limanını da qeyd etməliyəm. Birinci mərhələdə Anaklia limanı 600,000 TEU-ya qədər konteyner və 10 milyon ton quru yük aşırmaq gücünə malik olacaq”- deyə o bildirib.
Nazir müavini həmçinin əlavə edib ki, bütün bu infrastruktur Orta Dəhlizin buraxılış qabiliyyətini artırmalı və bu dəhlizin səmərəli fəaliyyətini dəstəkləməlidir.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.