Bakı. Trend:
Azərbaycanda iri şirkətlərin beynəlxalq kapital bazarlarına çıxışı və xarici fond birjalarında listinqə cəlb olunması üçün potensial mövcuddur.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
O bildirib ki, korporativ bizneslərin kapital bazarları və listinqlər vasitəsilə daha çox maliyyələşməyə təşviq edilməsi üçün müvafiq mühitin formalaşdırılması vacibdir.
“Gələcəyə baxdıqda London Fond Birjasında GDR və ikili listinqlərin populyarlığını görürük. Özbəkistanın London Fond Birjasında həyata keçirdiyi uğurlu listinq nümunəsinə əsaslanaraq düşünürəm ki, Azərbaycan da bu istiqamətdə irəliləyir”, - deyə R.Xəlilov qeyd edib.
BFB sədri bildirib ki, Azərbaycanda investorlar üçün maraqlı ola biləcək çoxsaylı iri və qabaqcıl şirkətlər mövcuddur.
“Əminəm ki, Azərbaycanda yalnız Böyük Britaniyada deyil, bütün Avropada, hətta Şimali Amerikada investorlar üçün regionun digər ölkələrindəki şirkətlər qədər maraqlı ola biləcək çoxsaylı qabaqcıl şirkətlər var”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışı üçün ilk növbədə müvafiq fundamental əsaslar və sektorlar arasında dialoq formalaşdırılmalıdır.
R.Xəlilov investisiya mədəniyyətinin və kapital bazarları ilə bağlı məlumatlılığın artırılmasının da vacib olduğunu bildirib.
“Burada söhbət yalnız fərdi investorlardan getmir. Korporativ bizneslərin və iri şirkətlərin qərar qəbul edən şəxslərinin də müxtəlif investisiya məhsulları, eləcə də bank maliyyələşməsindən fərqli olaraq kapital bazarlarından istifadə imkanları barədə məlumatlılığını artırmaq lazımdır”, - deyə BFB sədri bildirib.
O qeyd edib ki, şirkətlərin kapital bazarlarına çıxışında əsas amillərdən biri bizneslərin iradəsi və korporativ maliyyələşmənin şaxələndirilməsinə strateji yanaşmadır.
“Əsas amil biznesin iradəsi və əməkdaşlıq etmək istəyidir. Şirkətlər maliyyələşmə mənbələrinin real şaxələndirilməsinə strateji yanaşmalıdırlar. Yerli kapital bazarlarına ənənəvi maliyyə mənbələrinə alternativ kimi deyil, onları tamamlayan çox yaxşı mənbə kimi baxmaq lazımdır”, - deyə R.Xəlilov əlavə edib.