Bakı. Trend:
Suriya Azərbaycanla ticarət, texnologiya, enerji, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
Nazir iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.
“Suriyaya və Azərbaycana ticarət, texnologiya və, əlbəttə ki, enerji sahələrində çoxlu imkanlar var. Enerji, şübhəsiz ki, siyahının ilk pilləsindədir. Azərbaycanla qaz sahəsində artıq əməkdaşlıq təcrübəmiz var və ümid edirik ki, bu təcrübə digər sahələri də əhatə etməklə davam edəcək”, - deyə M.N.əl-Şaar qeyd edib.
Onun sözlərinə görə, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları və müxtəlif sənaye sahələri də Azərbaycan və Suriya arasında əməkdaşlığın inkişaf etdirilə biləcəyi istiqamətlər sırasındadır.
“Azərbaycan və Suriya olaraq hər iki ölkənin yaxşı imkanlara malik olduğu sahələr var. Kənd təsərrüfatı və sənaye də bu istiqamətlərdəndir. Düşünürəm ki, bu sahələrdə əməkdaşlıq hər iki ölkə üçün əhəmiyyətli faydalar yarada bilər”, - nazir bildirib.
M.N.əl-Şaar bu gün Azərbaycan və Suriya arasında Birgə Biznes Şurasının yaradılmasının elan edilməsinin də iki ölkənin işgüzar əlaqələrinin inkişafı baxımından mühüm olduğunu vurğulayıb.
“Bu platforma Suriya və Azərbaycan arasında qarşılıqlı əlaqələr üçün bir növ qapı olacaq. Biznes nümayəndələri tərəfdaşlıqların yaradılması, investisiya imkanlarının araşdırılması və hər iki ölkəyə kapital cəlb edilməsi baxımından çox mühüm rol oynayırlar”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, Birgə Biznes Şurası iki ölkənin biznes dairələrinə qarşılıqlı investisiya imkanlarını daha yaxından araşdırmağa şərait yaradacaq.
“Biznes nümayəndələrinə hər iki ölkədə mövcud imkanları araşdırmaq imkanı vermək istəyirik. Bu platforma ticarət və investisiya sahəsində hökumətlərin maraqlarının irəlilədilməsi üçün bir vasitə olacaq”, - M.N.əl-Şaar deyib.
Suriya iqtisadiyyat və sənaye naziri Azərbaycanın Suriyaya təbii qaz ixracının ölkənin enerji təminatına təsirini də qiymətləndirib.
“Bu, əlbəttə ki, çox müsbət təsir göstərib və bizə daha çox elektrik enerjisi istehsal etməyə imkan verib. Azərbaycanla bu cür biznes əlaqələrini davam etdirməyə ümid edirik”, - deyə nazir əlavə edib.