Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinə ABŞ-nin simvollarından biri olan ağbaşlı qartal heykəli hədiyyə edib.
“Çin Xalq Respublikasının Sədri Si Cinpinə dostluq ruhunda görkəmli amerikalı heykəltəraş, dünyanın ən böyük sənətkarlarından biri tərəfindən hazırlanmış hədiyyə təqdim etmək mənim üçün böyük şərəfdir. Onun dizaynı ABŞ-nin birinci xanımı] Melaniyanın və mənim şəxsi iştirakımızla hazırlanıb”, - deyə ABŞ prezidenti Çin liderinin səfəri münasibətilə Ağ Evdə keçirilən dövlət qəbulunda çıxışı zamanı bildirib. O, qanadlarını açmış böyük quşun budaq üzərində təsvir edildiyi heykəli nümayiş etdirib.
“Amerika ağbaşlı qartalı ABŞ-nin milli simvoludur və Amerikanın azad və uca ruhunu təcəssüm etdirir. Ümid edirik ki, Pekində onun üçün gözəl bir yer tapılacaq. Bu, sizin şərəfinizədir”, - deyə Tramp Si Cinpinə müraciətlə bildirib.
ABŞ lideri heykəltəraşın adını, eləcə də heykəlin hansı materialdan hazırlandığını açıqlamayıb.
Ağbaşlı qartal Şimali Amerika ərazisində məskunlaşıb. Bu quş növü nəsli kəsilmək təhlükəsi ilə üzləşmişdi, lakin son dövrlərdə onun sayı sabitləşib.
Si Cinpin sentyabrın 23-də ABŞ-yə gəlib. Tramp onu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında təyyarənin pilləkənləri önündə qarşılayıb. ABŞ prezidentləri xarici ölkə liderlərini ABŞ-yə gəlişləri zamanı nadir hallarda təyyarənin pilləkənləri önündə qarşılayırlar.
Çin Xalq Respublikası Sədrinin ABŞ-yə dövlət səfəri sentyabrın 25-dək davam edəcək.