Bakı. Trend:
Orta Dəhlizin strateji və kommersiya əhəmiyyəti artır.
Bu barədə Caspian Policy Center (CPC) prezidenti Əfqan Nifti Nyu-Yorkda Caspian Policy Center tərəfindən təşkil olunan yeddinci illik Xəzər Biznes Forumunda bildirib.
Nifti son bir il ərzində Xəzər regionunda baş verən əhəmiyyətli dəyişiklikləri, eləcə də Asiya ilə Avropanı birləşdirən ticarət və nəqliyyat marşrutu kimi Orta Dəhlizin artan rolunu qeyd edib.
“Rusiyadan keçən marşrutlara sanksiyalar səbəbindən tətbiq olunan məhdudiyyətlər və Yaxın Şərqdə dəniz daşımaları sahəsində qeyri-sabitlik fonunda dəhlizin strateji və kommersiya əhəmiyyəti daha da artıb. İndi məsələ Orta Dəhlizin işləyib-işləməməsində deyil, onun nə qədər sürətlə genişləndirilə biləcəyindədir”, — deyə Nifti bildirib.
Onun sözlərinə görə, Orta Dəhlizin potensialının tam reallaşdırılması üçün təkcə fiziki infrastruktura əlavə investisiyalar deyil, həmçinin ölkələr və marşrut iştirakçıları arasında daha sıx koordinasiya tələb olunur.
“Orta Dəhlizin tam potensialını reallaşdırması üçün o, getdikcə vahid inteqrasiya olunmuş sistem kimi fəaliyyət göstərməlidir — sərhəd prosedurlarının uyğunlaşdırılması, liman və dəmir yollarının fəaliyyətinin əlaqələndirilməsi, eləcə də sənədləşmənin rəqəmsallaşdırılması ilə. Bu gün vəzifə sadəcə əlavə infrastruktur yaratmaq deyil, bütün dəhlizi biznes üçün daha sürətli, etibarlı və əlverişli etməkdir”, — deyə o qeyd edib.
CPC prezidenti regional əməkdaşlığın genişlənməsini də vurğulayıb. O, ötən il Daşkənddə keçirilən sammitdə Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərinə rəsmi şəkildə qoşulmasını qeyd edib və bununla da regional formatın C5-dən C6-ya genişləndiyini bildirib.
Onun sözlərinə görə, bu, Mərkəzi Asiya və Cənubi Qafqazın getdikcə vahid strateji və iqtisadi məkanın tərkib hissəsinə çevrilməsi reallığını əks etdirir.
Nifti həmçinin ABŞ hökuməti və Amerika özəl sektorunun regionla qarşılıqlı fəaliyyətinin intensivləşdiyini qeyd edərək, Transxəzər bağlantısına, investisiyalara və kommersiya imkanlarına diqqətin artdığını bildirib.
“ABŞ bu proseslərdə mühüm rol oynayıb. Ötən ilin noyabrında keçirilən C5+1 sammiti Mərkəzi Asiyanın beş ölkəsinin bütün liderlərini Vaşinqtonda bir araya gətirdi və nəqliyyat, aviasiya, kənd təsərrüfatı, texnologiyalar və kritik faydalı qazıntılar kimi sahələrdə Amerika şirkətləri ilə regional tərəfdaşlar arasında 25 milyard dollardan çox kommersiya sazişlərinin elan edilməsi ilə müşayiət olundu”, — deyə o bildirib.
“O vaxtdan etibarən bu dinamika davam edir. Ötən ay ABŞ dövlət katibi Marko Rubio Orta Dəhliz boyunca özəl sektor investisiyalarını dəstəkləmək üçün ABŞ dövlətinin 201 milyon dollar maliyyələşdirməsi ilə yeni Trans-Caspian Enterprise Fund fondunun fəaliyyətə başladığını elan edib. Cənubi Qafqazda isə U.S.–Armenia TRIPP Development Company yeni dəmir yolu, avtomobil, boru kəməri və rəqəmsal infrastrukturun inkişafına yardım göstərməlidir”, — deyə Nifti əlavə edib.
Yekun olaraq CPC prezidenti regional əməkdaşlığın genişlənməsi, nəqliyyat bağlantısı sahəsində yeni təşəbbüslər və beynəlxalq qarşılıqlı fəaliyyətin güclənməsinin region üçün əhəmiyyətli imkanlar yaratdığını qeyd edib.
“İyirmi il əvvəl bu gün müşahidə etdiyimiz regional əməkdaşlıq səviyyəsini təsəvvür etmək çətin olardı. İndi Xəzər regionu ölkələrinin özləri daha böyük bağlantıya, ticarətə, investisiyalara və inteqrasiyaya can atırlar. Eyni zamanda, mövcud geosiyasi vəziyyət bu məqsədlərin həyata keçirilməsi üçün nadir imkan pəncərəsi açıb. Biz bu pəncərənin bağlanmasına imkan verə bilmərik”, — deyə Nifti bildirib.