Bakı. Trend:
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi ABŞ-ın regional nəqliyyat bağlantısının inkişafında iştirakının yeni modelini təqdim edir.
Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibinin köməkçisinin müavini Piter Andreoli Nyu-Yorkda Caspian Policy Center (CPC) tərəfindən təşkil olunan yeddinci illik Xəzər Biznes Forumunda çıxışı zamanı bildirib.
“TRIPP təşəbbüsü ABŞ və regional tərəfdaşların regional bağlantının inkişafına yanaşmasında paradiqma dəyişikliyini təmsil edir”, — deyə o bildirib və əlavə edib ki, planlaşdırılan multimodal nəqliyyat dəhlizi daha geniş Orta Dəhlizin mühüm həlqəsinə çevrilə bilər.
O, Cənubi Qafqaz və Mərkəzi Asiyaya daha böyük həcmdə investisiyaların cəlb olunması üçün sabitliyin və regional nəqliyyat bağlantısının əhəmiyyətini vurğulayıb.
“Bağlantı və rifah sabitliklə qarşılıqlı asılıdır. Risklər realdır və artıq müəyyən müddətdir ki, regionda mövcuddur. Lakin Cənubi Qafqaz və Mərkəzi Asiyanın böyük potensialı çox uzun müddət risklərin kölgəsində qalıb və bunun nəticəsində transformasiyanı təmin edə biləcək kapitalın əhəmiyyətli hissəsi regiondan kənarda qalıb”, — deyə Andreoli qeyd edib.
Andreoli həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərdə əldə olunan irəliləyişi regionda iqtisadi əlaqələrin gücləndirilməsi üçün imkan kimi qiymətləndirib.
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin paraflanmasından daha diqqətçəkən məqam yerlərdə bərqərar olmuş sabitlik və sülhdür. ABŞ dərk edir ki, davamlı sülh güclü və uzunmüddətli tərəfdaşlıqlarla möhkəmləndirilməlidir”, — deyə o bildirib.
Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunlarına əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılıb.