Bakı. Trend:
Prezident İlham Əliyevin sədrliyi ilə “2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirilən fikirlər Azərbaycanın iqtisadi inkişafının növbəti mərhələsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova qeyd edib ki, son 20 ildən artıq müddətdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində Azərbaycan bir sıra strateji sahələrdə öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib: "Xüsusilə enerji sektorunda yaradılmış güclü infrastruktur ölkəmizin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı beynəlxalq enerji bazarında mühüm tərəfdaşlardan birinə çevirib.
Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, vaxtilə Azərbaycan həm təbii qaz, həm də elektrik enerjisi idxal edən ölkə olduğu halda, bu gün vəziyyət tamamilə dəyişib. Ölkəmiz öz daxili tələbatını təmin etməklə yanaşı, enerji resurslarının ixracını həyata keçirir. Dünyada enerji təhlükəsizliyi ilə bağlı risklərin artdığı bir şəraitdə Azərbaycanın illər əvvəl başladığı strateji layihələrin əhəmiyyəti daha aydın görünür.
Hesab edirəm ki, indi qarşıda duran əsas məsələlərdən biri enerji sektorunda formalaşdırılmış güclü bazadan istifadə etməklə qeyri-neft sənayesinin inkişafını daha da sürətləndirməkdir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı yeni Dövlət Proqramı da məhz bu baxımdan xüsusi əhəmiyyətə malikdir.
Proqram çərçivəsində qarşıya qoyulan hədəflər kifayət qədər böyükdür. 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ümumi daxili məhsula töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Eyni zamanda, 2027–2030-cu illərdə sektora ümumilikdə 5,3 milyard manat investisiyanın yönəldilməsi planlaşdırılır.
Burada diqqətçəkən mühüm məqamlardan biri investisiyaların böyük hissəsinin qeyri-büdcə mənbələri hesabına formalaşdırılmasının nəzərdə tutulmasıdır. Bu, dövlət investisiyaları ilə yanaşı, özəl sektorun və digər maliyyə mənbələrinin iqtisadi inkişaf prosesində rolunun genişləndirilməsi baxımından əhəmiyyətlidir".
Deputat vurğulayıb ki, digər mühüm məsələ Azərbaycanın malik olduğu mineral ehtiyatların yalnız xammal şəklində ixrac edilməməsi, ölkə daxilində emal edilərək daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsidir: "“Filizçay”, “Daşkəsən”, “Ortakənd”, “Söyüdlü” və digər yataqların iqtisadi dövriyyəyə cəlb olunması, yeni istehsal və emal müəssisələrinin yaradılması ölkədə bütöv sənaye və istehsal zəncirinin formalaşmasına imkan verə bilər.
Bu prosesin regionların inkişafına təsiri də xüsusi qeyd edilməlidir. Yeni mədənlərin və emal müəssisələrinin fəaliyyətə başlaması bölgələrdə yeni iş yerlərinin yaradılması, infrastrukturun inkişafı, sahibkarlıq fəaliyyətinin genişlənməsi və əhalinin gəlirlərinin artması üçün əlavə imkanlar yarada bilər.
Azərbaycan artıq enerji resurslarını iqtisadi və geosiyasi üstünlüyə çevirməyi bacarıb. Qarşıdakı mərhələdə məqsəd ölkəmizin mineral ehtiyatlarından da səmərəli istifadə etməklə qeyri-neft sənayesinin və ixracının genişləndirilməsidir.
Prezident İlham Əliyevin müəyyən etdiyi strateji istiqamətlər göstərir ki, qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yüksək əlavə dəyər yaradan istehsal sahələrinin qurulması və regionların iqtisadi potensialının daha fəal şəkildə dövriyyəyə cəlb edilməsi əsas prioritetlər sırasında olacaq".