Bakı. Trend:
Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.
“2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.7 faiz bəndi azalaraq 2026-cı ilin iyulunda 25.8%-ə enib.
Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. 8 ayda Mərkəzi Bankın valyuta ehtiyatları 32.9% artaraq 15.3 mlrd. ABŞ dollarına yüksəlib. Bu, Mərkəzi Bankın valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.
Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətində 10.4 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-avqust aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 751 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 74.1% artıb. Cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə əlaqədar Mərkəzi Bankın 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunun artım istiqamətində dəyişməsi ehtimalı var”, - məlumatda qeyd edilib.