Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın 2026-cı il üçün ÜDM artımı proqnozunu 2%-dən 1,6%-ə endirib. Bununla yanaşı, 2027-ci il üçün proqnoz dəyişdirilməyərək 1,8% səviyyəsində saxlanılıb.
Bankın “Asian Development Outlook” hesabatında qeyd olunur ki, Azərbaycanda iqtisadi artım 2026-cı ilin ilk yarısında karbohidrogen sektorundakı göstəricilərin azalması və qeyri-neft-qaz sektorunda artım tempinin zəifləməsi fonunda yavaşlayıb:
“2026-cı ilin ilk altı ayında artım 0,8% təşkil edib, halbuki 2025-ci ilin eyni dövründə bu göstərici 1,5% olub. Bu dövrdə karbohidrogen sektoru 0,7% azalıb, digər iqtisadi sahələr isə 1,5% artıb”.
Qeyd olunur ki, sənaye istehsalı 1,6% azalıb. 2025-ci ilin ilk yarısında isə azalma 0,5% təşkil etmişdi. Bu, neft hasilatının 3,1% azalması, təbii qaz hasilatının 1,1% artması və tikinti sektorunda həcmlərin 13,0% aşağı düşməsi ilə əlaqələndirilir.
“Həmçinin xidmət sektorunda artım bir il əvvəlki 3,1%-dən 3,0%-ə qədər zəifləyib. Bu, turizm və kommunikasiya sahələrində genişlənmənin daha yavaş olması ilə bağlıdır. Kənd təsərrüfatında artım isə heyvandarlıq məhsullarının istehsalının daha çox artması hesabına 1,4%-dən 2,2%-ə yüksəlib.
İqtisadi artım tempinin ilin sonuna qədər zəifləməsi gözlənilir. Buna görə də bu hesabatda 2026-cı il üzrə artım proqnozu aşağı salınıb, 2027-ci il üzrə proqnoz isə iqtisadiyyatın bərpası gözləntiləri nəzərə alınaraq saxlanılıb”, – deyə AİB bildirir.
Hesabatda qeyd olunur ki, büdcənin optimallaşdırılması tədbirləri nəticəsində büdcə ÜDM-in 3,7%-i həcmində profisitlə formalaşıb:
“2026-cı ilin ilk yarısında hökumət karbohidrogen gəlirlərindən asılılığı azaltmaq və xərclərin səmərəliliyini artırmaq istiqamətində tədbirləri davam etdirib”.
Bu siyasət çərçivəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən karbohidrogen gəlirləri üzrə transfertlər azaldılıb. Nəticədə büdcə gəlirləri 2025-ci ilin ilk yarısındakı ÜDM-in 32,0%-indən 29,4%-ə düşüb.
Bununla yanaşı, vergi daxilolmalarının artması qeyri-neft-qaz gəlirlərinin 6,8% yüksəlməsinə səbəb olub və onların ümumi gəlirlərdə payı 57%-ə çatıb.
Büdcə xərcləri isə 2025-ci ilin ilk yarısındakı 27,6%-dən 25,7%-ə enib. Ümumi xərclər 1,9% azalıb, çünki kapital xərclərinin 23,8% azalması cari xərclərin 10,1% artımını üstələyib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkənin ÜDM-i cari ilin ilk yeddi ayında 76,818 milyard manat (45,1 milyard ABŞ dolları) təşkil edib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 1,4% artıb.
Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6% azalaraq 22,917 milyard manata (13,4 milyard ABŞ dolları) düşüb. Qeyri-neft-qaz sektorunda isə əlavə dəyər 2,2% artaraq 53,901 milyard manata (31,7 milyard ABŞ dolları) çatıb.