Bakı. Trend:
2026-cı ilin I yarısı Azərbaycanın səhm bazarı üçün mühüm mərhələ olub. Bu dövrdə özəl sektor üzrə ilk İKT və ölkənin kapital bazarı tarixində ikinci İKT həyata keçirilib. Listinqdə olan şirkətlərin bazar kapitalizasiyası 3,65 mlrd AZN, ilkin bazar dövriyyəsi isə 51,7 mln AZN təşkil edib.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bu barədə Bakı Fond Birjası tərəfindən 2026-cı ilin II rübü üzrə hazırlanan “Q2 2026: Azərbaycan və Qlobal İqtisadiyyata və Kapital Bazarlarına Baxış” bülleteninin təqdimatında məlumat verilib.
"İKT özəl şirkətlərin kapital bazarından maliyyələşmə mənbəyi kimi daha fəal istifadə etməyə başladığını göstərib. Bununla yanaşı, bazarda yüksək konsentrasiya qalmaqdadır. Maliyyə sektoru şirkətləri listinqdə olan bazar kapitalizasiyasının 99%-ni, səkkiz şirkət isə ümumi bazar dəyərinin təxminən 91%-ni təşkil edib. 2026-cı ilin I yarısında təkrar bazar dövriyyəsi 8,8 mln AZN, ilkin bazar dövriyyəsi isə 51,7 mln AZN təşkil edib. Təkcə iyun ayında ABB və PAŞA Bank üzrə təkrar bazar dövriyyəsi müvafiq olaraq 2,0 mln AZN və 0,6 mln AZN təşkil edib", - məlumatda qeyd edilib.