Bakı.Trend:
Azərbaycanda aktivləri olan mis və qızıl istehsalçısı “Anglo Asian Mining PLC” şirkəti 2026-cı ilin ilk yarısında 8 840 ton mis istehsal edib ki, bu da şirkətin yarımillik müddət üzrə rekord göstəricisidir.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk yarısında mis istehsalı 1 188 ton təşkil edib.
Şirkət 2026-cı il üzrə mis istehsalı proqnozunu 20 000–25 000 ton səviyyəsində saxladığını açıqlayıb. Bununla yanaşı, mis istehsalının dəstəklənməsi üzrə ümumi xərclərə (AISC) dair proqnoz ton başına 6 000–7 000 dollara endirilib.
İstehsalın artımı, xüsusilə, yeni “Gilar” və “Dəmirli” mədənlərinin töhfəsi ilə bağlıdır. “Dəmirli” layihə gücünə çatmaqda davam edir və tam istehsal səviyyəsinə 2026-cı ilin dördüncü rübündə çatacağı gözlənilir.
“İstehsal və geoloji kəşfiyyat aktivlərinin inkişafı çərçivəsində şirkət 2026–2027-ci illər üçün ümumi həcmi 90 000 metr olan qazma proqramına da başlayıb. Qazma işləri kəşfiyyat və texniki-iqtisadi əsaslandırmaların hazırlanması məqsədilə həyata keçiriləcək. “Xarxar” və “Qaradağ” mis yataqları üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanması üçün “Anglo Asian Mining” məsləhətçilər təyin edib. Bununla paralel olaraq, bu yataqlardakı filizlərin mineralogiyası ilə bağlı daxili və xarici tədqiqatlar aparılır”, - deyə “Anglo Asian” bildirib.
Hesabat dövrü başa çatdıqdan sonra “Gilar” və “Uğur” mədənləri arasında yolun tikintisi başa çatdırılıb. İndi “Gilar”dan filiz müstəsna olaraq xüsusi yollar vasitəsilə emal müəssisələrinə daşınır ki, bu da şirkətin məlumatına görə, daşınma imkanlarını artırır.
““Dəmirli” yatağında layihə gücünə çatma prosesi başa çatdıqca mis istehsalımız rübdən-rübə artmaqda davam edir və tam istehsal həcminə dördüncü rübdə çatacağımız gözlənilir”, - deyə “Anglo Asian Mining” şirkətinin baş icraçı direktoru Reza Vəziri bildirib.
O qeyd edib ki, şirkətin artım strategiyası çərçivəsində mis əsas istehsal etdiyi metala çevrilib.
“Strategiyamıza uyğun olaraq, mis 2026-cı ildə və orta müddətli perspektivdə istehsal etdiyimiz əsas metal olacaq. “Xarxar” və “Qaradağ” yataqlarında işlər gözləntilərimizə uyğun irəliləyir və bu layihələrin müvafiq olaraq 2028 və 2029-cu illərdə istismara verilməsi planlaşdırılır”, - deyə Vəziri bildirib.
“Anglo Asian Mining”in strateji planına əsasən, şirkət 2030-cu ilə qədər əsas diqqəti mis və qızıla yönəldən çoxprofilli orta səviyyəli istehsalçı statusuna keçməyi planlaşdırır. Həmin vaxta qədər illik mis istehsalının təxminən 50 000–55 000 tona çatdırılması nəzərdə tutulur.
Bu məqsədə nail olmaq üçün şirkət 2027–2030-cu illər ərzində üç yeni mədəni — “Xarxar”, “Qaradağ” və “Zəfər” mədənlərini istismara verməyi planlaşdırır. Onlar müvafiq olaraq 2025-ci ilin may və iyul aylarında hasilatın başlanıldığı “Gilar” və “Demirli” mədənlərini tamamlayacaq.